Almaniyanın BZ nəşri Rusiyanın bir neçə illik məhdudiyyətlərdən sonra beynəlxalq platformalara tədricən qayıtmağa başladığını yazır. Bu proses siyasətlə yanaşı, idman və mədəniyyət sahələrində də müşahidə olunur.
Əsas göstəricilərdən biri Rusiyanın maliyyə naziri Anton Siluanovun ABŞ-da keçirilən G20 maliyyə nazirlərinin toplantısında şəxsən iştirak etməsidir. Bu, onun dörd ildən artıq müddətdən sonra belə formatda ilk şəxsi iştirakı olub. Bununla belə, məqalə bunu Rusiya ilə Qərb arasında münasibətlərin tam normallaşması kimi qiymətləndirmir. Almaniya hələ də Moskvaya qarşı sərt mövqedədir və Almaniyanın maliyyə naziri Lars Klinqbayl Siluanovla birgə foto çəkdirməkdən imtina edib.
ABŞ tərəfi də Rusiyaya qarşı iqtisadi təzyiqlərin Ukraynadakı münaqişə davam etdiyi müddətdə zəiflədilməyəcəyini bildirir. Buna baxmayaraq, Rusiyanın G20 çərçivəsində yenidən birbaşa təmaslarda görünməsi əvvəlki təcrid siyasətində müəyyən dəyişiklik əlaməti kimi təqdim olunur.
Məqalədə Rusiyanın beynəlxalq siyasi sistemdə mühüm mövqelərini tam itirmədiyi də vurğulanır. Rusiya BMT-nin və Təhlükəsizlik Şurasının daimi üzvüdür və veto hüququnu qoruyub. G20-də üzvlüyü də davam edir. Müəllif həmçinin Donald Trampın Vladimir Putinin dekabrda Mayamidə keçiriləcək G20 sammitinə dəvət edilə biləcəyini istisna etmədiyini qeyd edir.
Rusiyanın beynəlxalq idmana qayıdışı da ayrıca vurğulanır. Beynəlxalq Olimpiya Komitəsinin Rusiya Olimpiya Komitəsinə qarşı əvvəlki məhdudiyyətləri aradan qaldırması və rusiyalı idmançıların bəzi növlərdə daha geniş iştirak imkanları əldə etməsi bu prosesin başqa göstəricisi kimi təqdim olunur. Boks, oxatma, həndbol, stolüstü tennis və voleybol kimi növlər qeyd edilir. Rusiyanın 2027-ci ildə Almaniyada keçiriləcək xokkey üzrə dünya çempionatında iştirakı məsələsi isə hələ ayrıca müzakirə olunur.
Mədəniyyət sahəsində də müəyyən açılma müşahidə edilir. Rusiyalı sənətçilər və kino nümayəndələri beynəlxalq festivallarda və sərgilərdə yenidən görünməyə başlayıblar. Rusiyanın Venesiya Biennalesinə qayıtması bunun nümunəsi kimi göstərilir.
Məqalənin əsas nəticəsi budur ki, Rusiyanın beynəlxalq təcriddən çıxması prosesi başlayıb, lakin bu, Qərblə münasibətlərin tam bərpası və ya sanksiyaların aradan qaldırılması demək deyil. Daha çox, əvvəllər bağlanmış diplomatik, siyasi, idman və mədəniyyət kanallarının tədricən yenidən açılması baş verir. Hətta Rusiyaya qarşı sərt mövqedə olan Avropa siyasətçiləri belə Moskva ilə dialoqun saxlanmasının vacibliyini qəbul edirlər.
ABŞ-ın Rusiyanın maliyyə nazirini G20 toplantısına dəvət etməsi və Vaşinqton-la Moskva arasında yüksək səviyyəli təmasların bərpası nə dərəcədə Rusiyanın beynəlxalq təcriddən çıxarılması siyasətinin göstəricisi sayıla bilər? Bu, ABŞ-ın Rusiya ilə münasibətləri normallaşdırmaq istiqamətində real kurs dəyişikliyidir, yoxsa Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik kanalların açıq saxlanılması məqsədi daşıyan taktiki addımdır?
Murad Sadəddinov: "Rusiyaya qarşı Qərbin təzyiqi azalmayıb, əksinə, getdikcə sərtləşəcək"
Politoloq Murad Sadəddinov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın maliyyə naziri Anton Siluanovun G20 toplantısında iştirakı və onun digər ölkələrin nümayəndələri ilə təmasları Rusiyaya qarşı Qərbin mövqeyində yumşalmanın başladığı anlamına gəlmir. Onun fikrincə, ayrı-ayrı diplomatik və iqtisadi təmasları ümumi Qərb siyasətindən ayrı qiymətləndirmək lazımdır.
Politoloq qeyd edib ki, Siluanovun G20 tədbirlərində iştirak etməsi daha çox tədbirin protokol xarakteri daşıyan məqamları ilə bağlıdır: "Mən hesab etmirəm ki, Rusiyanın maliyyə nazirinin G20-də iştirak etməsi ABŞ və Avropanın Rusiyaya münasibətində hansısa ciddi yumşalmanın göstəricisidir. Ümumi mənzərəni təhlil etdikdə tamamilə fərqli vəziyyət görürük. Siluanovun G20-də iştirakı, mənim fikrimcə, daha çox ABŞ-ın Rusiyanın iqtisadi və maliyyə vəziyyətini yaxından izləmək imkanından istifadə etməsi kimi qiymətləndirilə bilər".
Onun sözlərinə görə, Siluanovun G20-də iştirakının seçilməsi təsadüfi də sayıla bilməz. Çünki o, Rusiyanın maliyyə vəziyyəti, büdcə imkanları və iqtisadi prosesləri barədə ən çox məlumatlı şəxslərdən biridir. Eyni zamanda, Siluanov birbaşa hərbi əməliyyatların planlaşdırılması və həyata keçirilməsi ilə bağlı qərarların qəbulunda iştirak edən siyasi fiqur kimi təqdim olunmur.
"Siluanov maliyyə naziri kimi Rusiyada yaranmış iqtisadi vəziyyəti, büdcə və maliyyə imkanlarını hökumətə məruzə edən əsas şəxslərdən biridir. Ona görə də onun beynəlxalq tədbirdə iştirakı həm də Rusiyanın iqtisadi vəziyyətinin öyrənilməsi baxımından əhəmiyyət daşıya bilər. Lakin bunu Rusiyaya qarşı siyasətin dəyişməsi kimi təqdim etmək doğru olmaz", – deyə politoloq vurğulayıb.
Murad Sadəddinov hesab edir ki, G20-də Siluanovla digər nümayəndələrin birgə foto çəkdirməkdən imtina etməsi də xüsusi siyasi məna daşıyan hadisədir. Onun sözlərinə görə, son dövrlərdə müxtəlif beynəlxalq tədbirlərdə Rusiya nümayəndələrinin iştirakı ilə bağlı görüntülərin yayılması müəyyən dairələr tərəfindən Moskvanın beynəlxalq təcriddən çıxması kimi təqdim olunur. Lakin bunun Rusiyaya qarşı Qərbin ümumi siyasətinin dəyişməsi ilə eyniləşdirilməsi düzgün deyil.
Politoloq bildirib ki, ABŞ-ın Rusiyaya münasibətdə mövqeyinin dəyişmədiyini göstərən kifayət qədər ciddi faktorlar mövcuddur. Onun fikrincə, Vaşinqton bir tərəfdən Rusiya ilə müxtəlif kanallar vasitəsilə təmasları davam etdirir, digər tərəfdən isə Moskva üzərində iqtisadi və hərbi təzyiq mexanizmlərini genişləndirir.
"ABŞ-ın mövqeyinə bütövlükdə baxdıqda, hazırkı mərhələdə hər hansı ciddi yumşalmadan danışmaq mümkün deyil. ABŞ uzun müddətdir mövqeyini müxtəlif səviyyələrdə açıqlayır və Rusiyaya qarşı təzyiq mexanizmlərindən istifadəni davam etdirir", – deyə o qeyd edib.
Sadəddinovun sözlərinə görə, ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstək də bu siyasətin mühüm göstəricilərindən biridir. Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək imkanlarının genişlənməsi Vaşinqtonun təzyiq siyasətindən geri çəkilmədiyini göstərir.
"Ukraynanın Rusiyanın ərazisinin daxilinə zərbələr endirmək imkanlarının genişlənməsi ciddi göstəricidir. Bu, ABŞ-ın nəinki geri çəkildiyini, əksinə, Rusiyaya qarşı əlavə təzyiq vasitələrindən istifadə etdiyini göstərir", – politoloq bildirib.
O, ABŞ dövlət katibi Marko Rubionun Rusiya ilə bağlı daha sərt sanksiyaların qəbul edilməsinə çağırışını da bu kontekstdə qiymətləndirib. Politoloqun fikrincə, Konqresə və senatorlara Rusiyaya qarşı hazırlanan yeni sanksiya mexanizmlərinin qəbulunu sürətləndirmək çağırışları Vaşinqtonun Moskva ilə bağlı siyasətində yumşalma olmadığını göstərən digər mühüm amildir.
Avropanın mövqeyinə gəldikdə isə, Murad Sadəddinov hesab edir ki, Avropa ölkələri Ukraynanın həm hərbi, həm də maliyyə baxımından əsas dəstəkçilərindən biri olaraq qalır. Onun sözlərinə görə, Ukraynanın dövlət maliyyəsinin və hərbi xərclərinin mühüm hissəsinin Avropa tərəfindən təmin olunması Avropanın Kiyevə dəstəyinin davam etdiyini göstərir.
"Avropa ölkələrinin mövqeyi uzun müddətdir aydındır. Onlar Ukraynanın yanında olduqlarını açıq şəkildə bəyan edirlər və Ukraynanın həm hərbi xərclərinin, həm də dövlət maliyyə sisteminin dəstəklənməsində mühüm rol oynayırlar. Son dövrdə də biz Avropa nümayəndələrinin Kiyevə səfərlərinin və Ukraynaya maliyyə dəstəyinin davam etdiyini görürük. Bunlar təsadüfi addımlar deyil", – deyə politoloq vurğulayıb.
O əlavə edib ki, Avropada Rusiya ilə bağlı fərqli mövqelərin səsləndirilməsi bütövlükdə Avropa siyasətinin dəyişməsi anlamına gəlmir. Bəzi iqtisadi, mədəni və digər dairələrin Rusiya ilə müəyyən əlaqələrinin qalması mümkündür. Lakin bunlar Avropa İttifaqının və əsas Avropa dövlətlərinin Ukrayna məsələsində tutduğu strateji mövqeyi müəyyənləşdirən əsas faktorlar deyil.
Politoloq hesab edir ki, xüsusilə mədəniyyət, idman və ayrı-ayrı iqtisadi sahələrdə Rusiya ilə əlaqələrin davam etməsi siyasi və təhlükəsizlik məsələlərində Qərbin Moskva ilə bağlı mövqeyinin yumşalması kimi qiymətləndirilməməlidir.
"Bəzi sahələrdə Rusiya ilə əlaqələrin müəyyən formada qalması mümkündür. Amma idman, mədəniyyət və ya ayrı-ayrı iqtisadi münasibətlər ümumi geosiyasi siyasətin göstəricisi deyil. Əsas məsələ ABŞ və Avropanın təhlükəsizlik və Ukrayna müharibəsi ilə bağlı strateji mövqeyidir. Bu istiqamətdə isə Rusiyaya qarşı təzyiqlərin azaldığını düşünmürəm", – deyə Murad Sadəddinov bildirib.
Politoloqun fikrincə, əksinə, qarşıdakı mərhələdə Rusiyaya qarşı təzyiqlərin daha da sərtləşməsi mümkündür. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanından istifadə edən aviaşirkətlərə və sığorta şirkətlərinə xəbərdarlıq etməsini də Qərbin Kiyevə verdiyi siyasi və təhlükəsizlik dəstəyinin nəticəsi kimi qiymətləndirir.
"Ukrayna tərəfinin Rusiyanın mülki aviasiyası ilə bağlı son bəyanatlarını da Ukraynanın tamamilə özbaşına atdığı addım kimi qiymətləndirmək düzgün olmaz. Bu cür addımların arxasında Qərbin siyasi və təhlükəsizlik dəstəyi dayanır. Bu da göstərir ki, Ukrayna Qərbin dəstəyi ilə öz mövqeyini daha da sərtləşdirir", – deyə politoloq əlavə edib.
Sadəddinovun fikrincə, buna görə də Rusiyanın beynəlxalq tədbirlərdə iştirakının artması və ayrı-ayrı Qərb nümayəndələri ilə təmaslarının intensivləşməsi Moskvanın Qərblə münasibətlərində fundamental dönüşün başladığı barədə nəticə çıxarmağa əsas vermir. Əsas istiqamət hələ də Rusiya üzərində siyasi, iqtisadi və hərbi təzyiqin saxlanılmasıdır və bu siyasətin yaxın perspektivdə daha da sərtləşməsi ehtimalı yüksəkdir.
Akif NƏSİRLİ