Aydın Əliyev:“Onlar öz işlərinə daha da məsuliyyətlə yanaşacaq, daha keyfiyyətli xidmət göstərəcəklər”
Səhiyyə sahəsində başlanan islahatlar təcili tibbi yardım xidmətini də əhatə edir. İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur.
Bilindiyi kimi təcili tibbi yardım sistemində çalışan bir sıra tibb işçilərinin əməkhaqları artırılıb.
Yeni qaydaya əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimlərinin əməkhaqqı 1550 manatdan 2200 manata yüksəldilib. Beləliklə, həkimlərin maaşı 650 manat və ya 42 faiz artıb.
Mərkəzin stansiya müdirlərinin əməkhaqqı 1750 manatdan 2700 manata çatdırılıb. Bu vəzifə üzrə artım 950 manat və ya 54 faiz təşkil edir.
Təcili tibbi yardım tibb bacılarının maaşı 1100 manatdan 1210 manata, “Ambucycle” feldşerlərinin əməkhaqqı isə 1100 manatdan 1810 manata qaldırılıb. Artım müvafiq olaraq 10 və 64,5 faizdir.
Yeni əməkhaqları 1 sentyabr 2026-cı il tarixindən tətbiq olunur.
Tibb Universitetinin dosenti, tanınmış həkim Aydın Əliyev baki-xeber.com-a bildirdi ki, tibb işçilərinin, o cümlədən də təcili tibbi xidmət sahəsində çalışanların sosial rifahının gücləndirilməsi, maddi vəziyyətinin yaxşılaşdırılması onların gördüyü işlərin keyfiyyətini daha da yaxşılaşdırır.
“Birbaşa insanların sağlamlığı ilə məşğul olan tibb işçilərinin sosial rifahının gücləndirilməsi onların öz işlərinə daha da can yandırmasına səbəb olur.
Bütün hallarda həkimlərin işinin keyfiyyətinin artırılması, əhalimizə daha yaxşı xidmət göstərməsi üçün bu çox vacib amildir. Həkimlər insanların sağlamlığı keşində dururlar. Əhalinin ən çox müraciət etdiyi tibb sahələrindən biri təcili tibbi yardımdır ki, bu gün o sahədə çalışan tibb işçilərinin əməkhaqqının artırılması işin keyfiyyətinə müsbət təsir göstərəcək. Onlar öz işlərinə daha da məsuliyyətlə yanaşacaq, daha keyfiyyətli xidmət göstərəcəklər”.
A.Əliyev qeyd etdi ki, təcili tibbi xidmətin keyfiyyətinin artırılması üçün atılan zəruri addımlar onların insanlara daha yaxşı xidmət göstərməsinə səbəb olacaq.
A.Əliyev vurğuladı ki, növbəti mərhələdə digər tibb işçilərinin və müəllimlik fəaliyyəti ilə məşğul olan həkimlərin də əməkhaqqının artırılması zəruridir.
İradə SARIYEVA