İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın icazəsi olmadan Hörmüz boğazından keçməyə çalışan gəmilərə hücum etməklə hədələyib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ qüvvələri İranın üç neft tankerinə hücum etdikdən sonra SEPAH Fars körfəzi və Hörmüz boğazındakı gəmilərə İran tərəfindən icazə verilməyən tranzit marşrutlarına keçməmək barədə xəbərdarlıq edib.
SEPAH Hərbi Dəniz Qüvvələri şənbə günü axşam İran qüvvələrinin Hörmüz boğazında icazəsiz marşrutda üç gəmiyə zərbə endirdiyini açıqlayıb. SEPAH həmçinin digər ərazilərdə daha üç Amerika gəmisinə hücum edildiyini bildirib.
Daha əvvəl SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ hərbi qüvvələrinin zərbələri nəticəsində üç İran tankerinin vurulduğunu təsdiqləmişdi. Hücumlardan sonra SEPAH Fars körfəzindəki və Hörmüz boğazı yaxınlığındakı bütün gəmiləri Vaşinqtonun onları İranın icazəsi olmadan boğazdan keçməyə təşviq etmək cəhdlərinə müqavimət göstərməyə çağırıb: "Amerika terrorçu ordusunun sizi aldatmasına imkan verməyin və icazəsiz su yollarını keçmək üçün şübhəli cəhdlərdən çəkinin, əks halda hədəfə çevriləcəksiniz".
Tahir TAĞIYEV