“Sputnik Armenia”növbəti dəfə təxribatçı xəbər yayıb. Peyk görüntülərinə istinad etdiyini bildirən saytın iddiasına görə, Azərbaycan Ermənistan ərazisinin dərinliklərində mövqeyini genişləndirib və gücləndirib. Guya Azərbaycan Sünikdə yerləşən bu ərazini 2021-ci ildən sonra işğal edib.
“Digər məsələlərlə yanaşı, 2025-ci ilin may və iyul aylarına aid peyk şəkillərini araşdırılıb. Şəkillərin müqayisəsi nəzərəçarpacaq bir dəyişiklik olduğunu göstərir: iki ay ərzində giriş yolları genişləndirilib, xəndəklər qazılıb və yeni istehkamlar tikilib. İyul ayında çəkilmiş şəkil də davam edən işlərin əlamətlərini göstərir.
Qeyd etmək lazımdır ki, delimitasiya prosesinin bir hissəsi olaraq, Ermənistan və Azərbaycan delimitasiya proseslərinin SSRİ-nin dağılması zamanı mövcud olan Sovet respublikaları arasındakı sərhədlərə əsaslanması barədə razılığa gəliblər. 2024-cü ildə Tavuşda təxminən 12 kilometrlik sərhəd artıq Sovet xəritələrinə əsasən razılaşdırılıb. Lakin Google Maps ilə 1974-cü ilə aid Sovet Baş Qərargahının xəritəsini müqayisə etdikdə məlum olur ki, Azərbaycan Silahlı Qüvvələrinin bu mövqeyi Ermənistan ərazisində, sərhəddən təxminən 3 kilometr aralıda yerləşir. Müvafiq olaraq, Sovet xəritələrinə əsaslanan gələcək delimitasiya İrəvanın bu ərazi üzərində suverenliyinə etiraz etmək üçün heç bir hüquqi əsas qoymur" – deyə sayt yazır.
“Sputnik Armenia” ilk dəfə deyil ki, belə təxribatçı xəbər yayır. Sayt dəfələrlə iki ölkə arasında sülhü hədəf alan yalan və təxribatçı xəbərlər yayıb.
Tahir TAĞIYEV