ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta bildirib ki, ABŞ-ın İranla müharibəsi təxminən altı ay davam edə bilər və Vaşinqton üçün Yaxın Şərqdə daha bir uzunmüddətli müharibəyə çevrilə bilər.
"The Guardian" qəzetinə müsahibə verən Panettanın sözlərinə görə, Vaşinqton və Tehran uzun müddətdir davam edən bir çıxılmaz vəziyyətə düşüblər və hazırda oradan çıxmağın heç bir yolu yoxdur. Panetta xəbərdarlıq edib ki, münaqişə İraq və Əfqanıstandakı müharibələrə bənzər şəkildə ABŞ-ın daha bir "əbədi müharibəsinə" çevrilə bilər.
"Düşünürəm ki, bu müharibənin həll olunmadan daha altı ay davam etmə ehtimalı yüksəkdir", - deyə o bildirib.
Panetta həmçinin Pentaqon rəhbərliyindəki vəziyyəti də tənqid edib. O, Amerika qoşunlarının hərbi rəhbərlik daxilində ciddi qarışıqlıqlar fonunda döyüş əməliyyatlarında iştirak etdiyini və bunun da Amerikanın rəqibləri arasında Vaşinqtonun zəifliyi təəssüratını yaratdığını iddia edib.
Panetta hesab edir ki, Prezident Donald Trampın hazırda üç əsas seçimi var: müharibəni bitirib qələbəni elan etmək, vaxtaşırı zərbələrlə hazırkı qarşıdurmanı davam etdirmək və ya İranın əsas təsir gücü adlandırdığı Hörmüz boğazı üzərində nəzarəti ələ keçirməyə çalışmaq. Keçmiş müdafiə nazirinin sözlərinə görə, ABŞ yalnız əməliyyatın məqsədləri əhəmiyyətli dərəcədə dəyişdirilərsə, hərbi qələbə qazana bilər. Panetta hesab edir ki, Vaşinqtonun əsas məqsədi Hörmüz boğazını açmaq olmalıdır.
O, həmçinin bildirib ki, bir çox amerikalı Trampın effektiv şəkildə müharibə aparmaq qabiliyyətinə inamını itirib. Panetta həmçinin rekord müddətli yerləşdirmələr və qoşunların rotasiyasının qeyri-kafi planlaşdırılmasına da diqqət çəkərək, Amerika qoşunlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.
Tahir TAĞIYEV