Bu gün günorta saatlarında Rusiyaya məxsus pilotsuz təyyarə Kiyevin mərkəzində, Zoloti Vorota metro stansiyasının yaxınlığında Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) binasına zərbə endirib.
Bildirilir ki, dronla birbaşa SBU-nun rəisi vəzifəsini icra edən Aleksandr Pokladın Kiyevin mərkəzində SBU mərkəzi qərargahındakı ofisi hədəf alınıb. Hücum zamanı general ofisdə olmayıb. Binada yanğın baş verib və qatı tüstü qalxmağa başlayıb. Hücumu nəticəsində doqquz nəfər yaralanıb.
Prezident Zelenski də SBU binasına hücumu təsdiqləyib. Onun sözlərinə görə, ruslar xüsusilə SBU rəhbərinin ofisini hədəfə alıblar: "Pilotsuz təyyarə birbaşa binada yerləşən SBU rəhbərinin ofisinə göndərilib. Mən Poklada hər şey hazır olduqda ruslara buna görə adekvat, nəzərəçarpan və mümkün olduqda güzgü kimi cavab vermək tapşırığı verdim. Ordumuz buna cavab verəcək".
Xarici İşlər naziri Andrey Sibiqa isə Rusiyanın SBU-nun mərkəzi binasına hücumundan sonra Ukraynanın beynəlxalq tərəfdaşlarını Rusiyaya təzyiqi artırmağa çağırıb. Sibiqa X sosial şəbəkə hesabında bildirib ki, Rusiyanın SBU binasına hücumu qətiyyətli cavablar tələb edən ciddi bir eskalasiyadır.
"Moskva bu zərbəni məhz sülh səylərinin bərpası zamanı vurdu və diplomatiyadan əsl imtina etdiyini göstərdi. Yaxınlıqda UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Müqəddəs Sofiya Katedralı da təhlükə altında olub", - deyə ukraynalı nazir qeyd edib.
O, Ukraynanın beynəlxalq tərəfdaşlarını "bu hərəkətləri qətiyyətlə pisləməyə və Putin rejiminə təzyiqi artırmağa" çağırıb.
"Biz həmçinin UNESCO-nu qətiyyətli reaksiya verməyə və təhlükə altında olan Ukraynanın mədəni irsini qorumaq üçün səylərini artırmağa çağırırıq", - deyə Sibiqa əlavə edib.
Tahir TAĞIYEV