Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, eləcə də Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri ilə Kiyevdə keçirilən danışıqlar zamanı təkcə müharibənin mümkün sona çatması üçün şərtlər deyil, həm də yaxın gələcəkdə Ukraynaya təcili dəstək məsələsi müzakirə olunub.
Zelenskinin sözlərinə görə, 6 sentyabrda üç raund danışıqlar baş tutub və o, bunu "çox məzmunlu" adlandırıb. Xüsusilə, tərəflər qışa hazırlıq, hava hücumundan müdafiə, enerji və Amerika mayeləşdirilmiş təbii qazının mümkün istifadəsini müzakirə ediblər.
Zelenski qeyd edib ki, Kiyev müharibə soyuq mövsümdə davam edəcəyi təqdirdə "qış paketi"nə ümid edir. O, hava hücumundan müdafiə təchizatı və enerji dəstəyinin xüsusi əhəmiyyətini vurğulayaraq deyib: "İndiyə qədər vəziyyət belə görünür".
Prezident həmçinin bildirib ki, danışıqlar aparan şəxslər ərazi məsələsinə toxunublar, lakin bu barədə ətraflı müzakirə aparmayıblar. Zelenski hesab edir ki, bu cür mürəkkəb məsələlər yalnız rəhbərlik səviyyəsində həll edilə bilər.
Təhlükəsizlik, iqtisadi zəmanətlərə, Ukraynanın bərpasına və gələcək "rifah planına" xüsusi diqqət yetirilib. Zelenski vurğulayıb ki, əhəmiyyətli resurslar tələb edən güclü Ukrayna ordusu təhlükəsizlik zəmanətlərinin əsas elementi olaraq qalmalıdır.
Uitkoff və Kuşnerin Kiyevdə olmasına münasibət bildirən Zelenski zarafatla onların səfərinin "Patriot” sistemlərindən daha yaxşı işlədiyini" bildirib və ukraynalıların Rusiya atəşi olmadan "bir az yaşaya" bilməsi üçün Amerika nümayəndələrinin daha tez-tez gələcəyinə ümid etdiyini bildirib.
Uitkoff və Kuşner, əvvəlki gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra 6 sentyabrda Kiyevə gəliblər. Bu, Vaşinqtonun davam edən diplomatik səylərinin bir hissəsi olaraq onların Ukraynaya ilk səfəri idi.
Amerika nümayəndələri ilə danışıqlardan sonra Böyük Britaniya, Fransa və Almaniyadan olan milli təhlükəsizlik müşavirləri müzakirələrə qoşulublar.
Tahir TAĞIYEV