Məlum olduğu kimi, Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar ekoloji yönümlü qeyri-hökumət təşkilatları bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Sərsəng su anbarının Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən qəsdən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması yolverilməzdir.
Vətəndaş cəmiyyətləri Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar dərin narahatlıqlarını ifadə edir.
“Sərsəng su anbarının Azərbaycanın nəzarətinə keçməsi günün tələbidir, çünki su anbarında yaranmış qəzalı durum bölgə üçün…”
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində yerləşən Sənsəng su anbarının qəzalı vəziyyətdə olması ilə bağlı dəfələrlə müvafiq beynəlxalq qurumlara müraciətlər edilib: “Məsələ burasındadır ki, su anbarı 47 ildir istismardadır. 1993-cü ilin fevralında Tərtər-Kəlbəcər yolu erməni silahlı qüvvələrinin nəzarətinə keçəndən sonra Sənsəng su anbarı da nəzarətimizdən çıxdı. Ermənilər bütün təbii resurslarımız kimi Sərsəngi də standartlardan kənar formada istismar edib, amma ərazidə bərpa və yenidənqurma işləri aparmayıblar. Son 10 ildə su anbarı tamamilə qəzalı vəziyyətə düşüb. Su bəndinin divarları aşınıb, hidrotexniki qurğular köhnəlib. Məlumat üçün bildirim ki, su anbarı 1976-cı ildə Azərbaycan Respublikasının vəsati hesabına tikilib. 6 rayonumuzda yerləşən 100 hektarlarla ərazi suvarma suyunu bu su hövzəsindən götürüb. Ermənilər işğal dövründə bunun qarşısını kəsiblər. Bu azmış kimi, Sərsəngdən Azərbaycana qarşı ekoloji təhdid kimi istifadə ediblər. Hər dəfə cəbhədə Azərbaycanın uğurları olanda erməni hərbi komandanlığı Mingəçevir və Sərsəng su anbarını hədəfə alıb dağıdacaları ilə hədələyirdilər. Üstəlik, qış aylarında Sərsəng və Xaçınçay su anbarından bəndlərə, çaylara, kanallara lüzumsuz yerə su buraxılırdı. Bu da azərbaycanlıların yaşadığı rayonlarda daşqınlara səbəb olur, evlərə, təsərrüfatlara ciddi ziyan vururdu. Əksinə, yay yalarında isə Sərsəng su anbarından bizim tərəfə su buraxılmırdı. Eyni hal Xaçınçayda da təkrarlanırdı. Nəticədə yüz hektarlarla əkinə yararlı torpaqlarımız, meşə sahələri susuzluqdan yanaraq məhv olurdu”.
Birlik sədri xüsusi olaraq vurğuladı ki, Ermənistan tərəfi Sərsəng su anbarı ilə bağlı beynəlxalq konvensiyaları kobud şəkildə pozur. 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bu, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir: “Ermənistan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə bu hərəkətlərin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilməsindən nəticə çıxarmayıb. Həmin qətnamədə göstərilirdi ki, Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana gətirib çıxara bilən böyük fəlakət risqinə malikdir. Bu baxımdan Azərbaycanın son 30 ildə vurulan ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməyə və külli miqdarda təzminat tələb etməyə haqqı var. Hesab edirəm ki, Azərbaycanın müvafiq dövlət qurumları Sərsəng su anbarı ilə bağlı hərəkətə keçməlidir. Sərsəng su anbarının Azərbaycanın nəzarətinə keçməsi günün tələbidir. Çünki su anbarında yaranmış qəzalı durum bölgə üçün ciddi ekoloji təhlükə vəd edir”.
Günel CƏLİLOVA