Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında rəsmən bəyan edib ki, sözügedən müharibə zamanı ölkədə fərarilərin sayı 13 min nəfərə yaxın olub.
O, bununla bağlı bir sıra məqamlara toxunub: “2020-ci ildə baş vermiş 44 günlük müharibə səbəbindən Ermənistanda elan edilmiş hərbi vəziyyət dövründə hərbi xidmət qaydalarının pozulması, o cümlədən digər hərbi cinayətlər üzrə başlanmış çoxsaylı cinayət işləri ümumilikdə 12600 nəfərə aid edilib”.
Paşinyan qeyd edib ki, cinayət işləri vətəndaşların və hərbi qulluqçuların səfərbərlik çağırışından yayınması, əmrin yerinə yetirilməməsi, fərarilik, hərbi hissəni özbaşına tərk etmə, özünü şikəst etməklə hərbi xidmətə xitam vermə, hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırma və digər hallarla əlaqədar açılıb: “Mən deyə bilmərəm bu cinayət işləri ilə bağlı neçə nəfər təqsirli bilinəcək, təqsirsiz sayılacaq, kimlərin barəsində cinayət işinə xitam veriləcək, kimin işi məhkəməyə göndəriləcək”.
“Fərarilərlə bağlı məlum statistika ermənilərin uzun illərdir formalaşdırdıqları tabuları da darmadağın etdi”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bütün bunlar 44 günlük müharibə dönəmində səfərbərliklə bağlı vəziyyətin necə acınacaqlı durumda olduğunu ortaya qoyur: “Özü də bunun ölkənin birinci rəsmi şəxsi tərəfindən deyilməsi çox ciddi məsələlərdən xəbər verir. Nəzərə alsaq ki, Ermənistan Birinci Qarabağ müharibəsində qalib tərəf idi, o baxımdan ikinci müharibədə ermənilərin səfərbərlik problemi olmamalı idi. Ancaq bunun tam əksi baş verdi. 44 günlük müharibədə fərari sayı göstərdi ki, ermənilər Qarabağa görə ölmək istəmir. Onları zorla müharibəyə cəlb etmək istəyirdilər. Müharibə zamanı 13 minədək fərarinin olması bütün bunların əyani sübutudur. Çünki 3 milyon nəfərə yaxın əhalisi olan Ermənistan üçün bu qədər fərari çox böyük rəqəmdir. Bu, təkcə ermənilərin qorxaq millət olması ilə bağlı olan məsələ deyil. Bu, həm də onunla əlaqədardır ki, Birinci Qarabağ müharibəsinin nəticələri Ermənistan cəmiyyətinə xoşbəxtlik gətirmədi. Ərazilərimizin işğalı və talan edilməsi bir qrup revanşist səhra komandirlərinin varlanmasına səbəb oldu. Sadə erməni əhalisi müharibədə həm canını, həm də sağlamlığını itirdi. Üstəlik, Ermənistanın təcrid vəziyyətində olması əhalinin yoxsullaşmasına, ölkədən miqrasiyanın güclənməsinə səbəb oldu. Məhz buna görə 26 illik atəşkəsdən sonra ermənilər özgə torpağı uğrunda ölmək istəmədilər. Fərarilərlə bağlı məlum statistika ermənilərin uzun illərdir formalaşdırdıqları tabuları da darmadağın etdi. Məğlubedilməz “erməni ordusu”, ermənilərin birliyi barədə əsatirlər tarixin zibilliyinə atıldı. Eyni zamanda aydın oldu ki, Ermənistan ordusu nə strateji, nə də taktiki baxımdan hansısa üstünlüklərə malikdir. Ordudakı motivasiya baxımından da Azərbaycandan geridə qaldıqları ortaya çıxdı”.
Vidadi ORDAHALLI