Vüqar Bayramov: “Elə etmək lazımdır ki, işəgötürən bunda maraqlı olsun”
“İşsizlikdən sığorta haqqında” Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bununla bağlı müvafiq fərman imzalanıb. Hazırda həmin fərmanın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən lazımi tədbirlər görülməkdədir.
Məlum olduğu kimi, bunu mətbuata açıqlamasında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, qanunun praktiki işləmə mexanizmi üçün həmin fərmanla 6 müxtəlif qaydanın hazırlanaraq təsdiq edilməsi ilə bağlı tapşırıqlar verilib: “Qanunlara ediləcək dəyişikliklər müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə, daha sonra isə Prezident Administrasiyasına təqdim olunacaq. Hazırda bu proses gedir və yanvar ayının 1-nə qədər bunların hamısı bitəcək”.
Nazir bildirib ki, artıq nazirlik İşsizlikdən Sığorta Fondunun büdcə layihəsinin də tərtibi prosesini yekunlaşdırıb. Onun sözlərinə görə, həmin layihədə ilkin hesablamalara görə, 2018-ci il ərzində təqribən 89 mln. manat vəsaitin daxil olması nəzərdə tutulur: “Ondan 36 milyon manata yaxın vəsaitin, yəni hazırda istifadə olunan vəsaitdən 6 dəfə çox məbləğin özünüməşğulluq proqramlarının, aktiv məşğulluq proqramlarının icrasına yönəldilməsi nəzərdə tutulur. Bu isə bu layihənin reallaşdırılması yolu ilə təqribən hazırda özünüməşğulluq proqramına cəlb edilənlərdən 6 dəfə çox ailənin, yəni təqribən 8000-8500 ailənin bu proqrama cəlb ediləcəyini göstərir. Ümumilikdə, hər il 5-10 minə yaxın ailə bu prosesə cəlb olunacaq”.
Ümumilikdə, İşsizlikdən Sığorta Fondunun yaradılmasına ekspertlərin münasibəti necədir və bu nə verəcək?
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, burada məqsəd odur ki, çalışan iş yerini itirirsə, iş tapana kimi müəyyən sığorta ala bilsin və həmin müddətdə onun yaşayışı sığortalanmış olsun: “Bu xüsusən iş yerini itirmiş və müəyyən müddət işsiz qalan vətəndaşlarımız üçün daha müsbətdir, məqbuldur. Çünki vətəndaş iş yerini itirirsə, adətən onun yeni iş tapması müəyyən zaman alır və hazırkı qanunvericiliyə əsasən, həmin işçi işsizlikdən sığortalanmadığı üçün, ona ödənişlər həyata keçirilmirdi. Yalnız ən yaxşı halda əmək müqaviləsi varsa, iş yerindən kompensasiya ala bilirdi. Amma həmin kompensasiyanın məbləği də böyük olmadığı üçün, uzunmüddətli, bir neçə ay üçün yetərli deyildi. Bu baxımdan işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması müsbət haldır. Çünki bu, iş yerini itirənlərin işsiz qaldıqdan sonra sığortalanması və ay ərzində müəyyən məbləğ əldə etməsinə gətirib çıxaracaq. Burada çox önəmlidir ki, sığorta fondu hansı vəsait hesabına formalaşacaq, şirkət, yəni sahibkar, işəgötürən həmin fond üzrə ödənişlər edəcək, yoxsa işçinin əməhaqqından həmin vəsaitlər çıxılacaq".
V.Bayramovun fikrincə, bu fondun yaradılması və fonda ödənişlər elə məqbul olmalıdır ki, işəgötürən, sahibkar üçün hər hansı bir ağırlıq yaratmasın və sahibkar əmək müqaviləsi bağlamamaqda maraqlı olmasın: "Çünki bəzi hallarda ödənişlərin çox olması sahibkarın əmək müqaviləsi bağlamasına stimul yaratmır. Sahibkar düşünür ki, əmək müqaviləsi bağlayarsa, müqavilə ilə işə götürərsə, o zaman ödənişlər edəcək və bəzi hallarda ödənişlərin məbləği çoxdur. Nəticədə sahibkar maraqlı olur ki, qeyri-leqal, əmək müqaviləsi olmadan və ya xidməti müqavilə ilə işçiləri cəlb etsin. Bu da həmin işçilərin əmək hüquqlarının qorunması baxımından arzuolunan deyil. Ona görə də elə etmək lazımdır ki, işəgötürən bunda maraqlı olsun".
Vidadi ORDAHALLI