İranın Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Parlament Komissiyasının rəhbəri İbrahim Əzizi Fransanı iki İran diplomatını ölkədən çıxarmaq qərarından sonra yarana biləcək nəticələr barədə xəbərdar edib.
"İran xalqı Fransanın davamlı xəyanətlərini heç vaxt unutmur" – deyə X Əzizi sosial media hesabında yazıb. O, əlavə edib ki, davam edən "İran əleyhinə hərəkətlər" Fransa üçün vəziyyəti daha da çətinləşdirəcək.
Bundan əvvəl Fransanın xarici işlər naziri Barrot Parisin yaxın günlərdə iki İran diplomatını ölkədən çıxaracağını açıqlayıb. O, qərarın 19 iyulda iki fransız diplomatına qəsd edilməsi iddiası ilə ilə əlaqəli olduğunu bildirib. Barrot hadisəni qəbuledilməz adlandırıb və bunun nəticələrinin olacağını qeyd edib.
Buna cavab olaraq İran Xarici İşlər Nazirliyi Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını persona non qrata elan edib. Nazirlik onların beynəlxalq hüquqa və 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlə məşğul olduqlarını bildirib.
İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, "qanunsuz hərəkətlərin" aşkarlanmasından bir neçə həftə keçməsinə baxmayaraq, Fransa hakimiyyəti vəziyyəti düzəltmək və ya gələcəkdə oxşar hərəkətlərin baş verməməsini təmin etmək üçün tədbirlər görməyib. Nəticədə, iki fransız diplomatının İrana girişi qadağan edilib.
Tahir TAĞIYEV