Almaniya kansleri Fridrix Merz İsrail Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin Qəzzada fələstinlilərin hədəfə alınaraq öldürülməsi iddialarına qəti şəkildə qarşı çıxıb. Bu barədə "Spiegel" qəzeti məlumat yayıb. Hökumət sözçüsünün müavini Sebastian Gillenin sözlərinə görə, kansler beynəlxalq hüquqa zidd olan "bu qeyri-insani çağırışları" qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Xəbərdə deyilir ki, sağçı İsrail naziri Ben-Qvir əvvəllər hər gecə Qəzzada “30-40 nəfərin məhv edilməli olduğunu" bildirib. "Orada yaşamağa layiq olmayan insanlar var. Onlar yaşamamalıdırlar. Onlar hətta insan da deyillər", - deyə İsrail Milli Təhlükəsizlik Naziri bildirib. Ben-Qvirin və digər İsrail siyasətçilərinin oxşar açıqlamaları əvvəllər kəskin beynəlxalq tənqidlərə səbəb olub. Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində bu açıqlamalar İsrailin soyqırım niyyətinin mümkün sübutu kimi göstərilib. Öz növbəsində İsrail Qəzzada soyqırım ittihamlarını rədd edir. Almaniyanın hakim koalisiyasındakı Mühafizəkarlar və Sosial Demokratların yüksək vəzifəli şəxsləri Ben-Gvirin bu çağırışından sonra Aİ-ni ona qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Xatırladaq ki, may ayında Aİ Ben-Gvirin Fələstin tərəfdarı donanmanın üzvlərinə qarşı davranışına görə ona qarşı mümkün sanksiyaları müzakirə etməyə başlayıb. Fransa və Polşa da daxil olmaqla bir sıra Aİ ölkələri onun ölkəyə girişini qadağan edib.
SAMİRƏ