Bu ilin ikinci yarısında Azərbaycanın dövlət borcunun 4 milyard manata yaxın artacağı proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin yarımillik icrasına dair arayışı və ilin sonuna gözləntilər barədə hesabatında qeyd edilir.
Nazirlik vurğulayır ki, bu il iyulun 1-nə dövlət borcunun (xarici və daxili) ümumi məbləği 23 milyard 830 milyon manat olub. Ümumi dövlət borcunun 7 milyard 848,6milyon manatı (4 milyard 616,8milyon ABŞ dolları) və ya 32,9 faizi xarici dövlət borcunun, 15 milyard 982 milyon manatı (67,1 faizi) daxili dövlət borcunun payına düşür. Amma sənəddə bu rəqəmin gələn ilin əvvəlinə 27 milyard 604 milyon manata (xarici dövlət borcunun 4 milyard 833 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 387,1 milyon manat olmaqla) yüksələcəyi proqnozlaşdırılır. Həmin vaxt dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi, üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur. Bu proqnoz hpkumətin əvvəlki mövqeyi ilə bir qədər ziddiyyət təşkil edir. Bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, borcu azaltmağı əsas məqsədlərdən biri kimi vurğulayırdılar.
Ekspertlər yaxın vaxtlara qədər hökumətin borc siyasətində dəyişikliklər etməsini, əsasən, son illər Azərbaycanın əsas ixrac məhsulu olan neftin hasilatının azalması ilə izah edirdilər. Hərçənd, bu il ABŞ, İsrail-İran münaqişəsi dünya neftinin və maye qazının 20 faizinin nəql edildiyi Hörmüz boğazının bağlanmasına, nəticədə "qara qızıl"ın kəskin bahlaşmasına səbəb olub. Elə Maliyyə Nazirliyinin hesabatından bəlli olur ki, "Azeri Light" markalı neftin bir barelinin ixrac qiyməti yanvarda 68.4 dollar olmuşdusa, fevralda 71.1, matrda 106.4, apreldə 120.1, mayda 111.8, iyunda isə 89 dollar təşkil edib. 2026-cıilin yanvar-iyun aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 94,5ABŞ dollarına bərabər olub. Bu da 2026-cı ilin ilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən (65 dollar) 45,4 faiz çoxdur. Ötən il isə Azərbaycan neftinin orta qiyməti 68,5 dollar təşkil etmişdi.
Ramil QULİYEV