Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev keçmiş Prezident Nursultan Nazarbayevin xalqa, dövlət qurumlarına və vəzifəli şəxslərə əsas xarici siyasət məsələləri ilə bağlı müraciət etmək hüququnu ləğv edib. Nur.kz xəbər verir ki, müvafiq dəyişikliklər Qazaxıstanın 2020-2030-cu illər üçün Xarici Siyasət Konsepsiyasında edilib.
Nazarbayevin ilk prezident kimi "tarixi missiyasına görə" xarici siyasətin ən vacib məsələlərində ömürlük təşəbbüs göstərmək hüququna malik olduğu müddəa da konsepsiyadan çıxarılıb.
Eyni zamanda, “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya Qanununa istinad da sənəddən çıxarılıb.
Yenilənmiş konsepsiyada Qazaxıstanın milli maraqların, müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunmasını prioritetləşdirərək çoxvektorlu, praqmatik və proaktiv xarici siyasətini davam etdirəcəyi vurğulanır.
Prioritetlərə həmçinin xaricdəki Qazaxıstan vətəndaşlarının maraqlarının qorunması, beynəlxalq ictimaiyyətin ölkənin xarici siyasət təşəbbüsləri barədə məlumatlandırılması və cəmiyyətin mənfi xarici təsirlərə qarşı dayanıqlığının artırılması daxildir.
Dəyişikliklər, həmçinin Kurultayın və parlamentin xarici siyasətin həyata keçirilməsindəki rolu ilə bağlı müddəalara da təsir edir.
Fərman avqustun 14-də qüvvəyə minib.
Tahir TAĞIYEV