Rusiya, Britaniya istehsalı olan dronların Rusiya daxilindəki hədəflərə endirilən zərbələrdə istifadə edildiyi barədə mediada yayılan xəbərlərdən sonra Böyük Britaniyanı "qəsdən gərginlik yaratmaqda" ittiham edib.
Rusiyanın Britaniyadakı səfirliyi bəyanat yayaraq bildirib ki, Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Britaniya istehsalı olan dronlardan istifadə etməsi ilə bağlı məlumatlar "Londonun qəsdən Ukrayna böhranını daha da gərginləşdirməyi seçdiyini və ikiüzlü şəkildə sülh axtardığını iddia etdiyini təsdiqləyir".
"Londonun hərəkətlərinin qaçılmaz olaraq nəticələri olacaq və bunlara görə hesabat verməli olacaqlar. London, münaqişəyə nə qədər dərindən qarışsa və Kiyevə nə qədər çox dəstək versə, ödəyəcəyi bədəl bir o qədər ağır olacaq" – deyə səfirlik bildirib.
Buna cavab olaraq, Britaniya Müdafiə Nazirliyinin sözçüsü BBC-yə bildirib ki, London Ukrayna ilə "çiyin-çiyinə" dayanır.
Bundan əvvəl BBC Britaniya istehsalı olan dronların ilk dəfə Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə edildiyini bildirmişdi. Qeyd edilir ki, dronlar neft emalı zavodları və Wildberries anbarları da daxil olmaqla hərbi və sənaye obyektlərinə genişmiqyaslı hücumlarda istifadə olunub.
Tahir TAĞIYEV