Şimali Atlantika Alyansı (NATO) İranın Bolqarıstan və Kiprdəki hərbi hədəflərə zərbə endirmək planları barədə məlumatların ardından istənilən təhdidə cavab verməyə və ittifaq üzvlərini müdafiə etmək üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib.
Adı çəkilməyən bir ittifaq rəsmisi Reuters agentliyinə bildirib ki, "Bizim çəkindirmə və müdafiə strategiyamız güclü və təsirlidir". Qeyd edək ki, Bolqarıstan iyul ayında ABŞ-a öz hava bazasından yanacaq doldurmaq üçün istifadə etməyə icazə verdiyi, Britaniya hava bazaları isə Kiprdə yerləşdiyi üçün bu ölkələr İranın zərbə hədəfləri sırasına düşüb. The Financial Times daha öncə İranın ABŞ ilə münaqişənin yeni bir eskalasiyası halında Avropadakı, xüsusən də Kipr və Bolqarıstandakı hədəflərə zərbə endirmək imkanını müzakirə etdiyini bildirmişdi. Bu arada, The New York Times öz mənbələrinə istinadən bildirib ki, İran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran gəmisinə hücumuna cavab olaraq Ukraynadakı bir limana zərbə endirməyi də nəzərdən keçirə bilərdi, lakin bundan imtina etdi. Tehran Avropaya qarşı təhdidlərlə bağlı son media xəbərlərinə münasibət bildirməsə də, 19 avqustda İranın ali hərbi komandanlığının sözçüsü general Əli Əbdüllahi Əliabadi ABŞ ilə əməkdaşlıq edən Körfəz ölkələrinə daha bir xəbərdarlıq edərək, onları İran ərazisinə hücumların təşkilində Vaşinqtona kömək etməkdə günahlandırıb. Bəyanat Birləşmiş Ərəb Əmirliklərinin İranla bütün ticarət, kommersiya mübadilələri və maliyyə əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarından sonra verilib. Öz növbəsində, BƏƏ hakimiyyəti Tehranı ölkəyə iki raket atmaqda ittiham edərək, hücumun dəniz gəmiçiliyini hədəf aldığını iddia etsə də, İran bu iddiaları təkzib edib.
SAMİRƏ