ABŞ prezidenti Donald Tramp administrasiyasının Ağ Evin bal salonunun genişləndirilməsi layihəsinə nəzarət edən üzvünün gizli diplomatik missiya çərçivəsində Rusiya rəsmiləri ilə danışıqlar apardığı ortaya çıxıb. Bu barədə Financial Times (FT) qəzetinin məlumatında deyilir.
Nəşr 18 avqustda məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ Təsviri İncəsənət Komissiyasının sədri Rodni Mims Kuk iyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak çərçivəsində Kreml rəsmiləri ilə görüşüb. Agentliyin mənbələri bildirib ki, Sankt-Peterburqa səfərindən əvvəl ona diplomatik pasport verilib, ətraflı brifinq keçirilib və diplomatik təhlükəsizlik təyin edilib. FT-nin əlavə olaraq verdiyi məlumata görə, Rusiya mədəniyyətinin pərəstişkarı olan Kuk səfərini "mədəni səfər" kimi təqdim edib və bu səfər zamanı Atlantadakı "rus taxta memarlığı" üslubunda tikilmiş "daça"sının fotoşəkillərini nümayiş etdirib. FT-nin məlumatına görə, Kukun görüşdüyü şəxslərdən biri Rusiya prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov olub. ABŞ dövlət katibi Marko Rubio bu səfər haqqında "heç nə" bilmədiyini iddia edib. Lakin iki mənbəyə görə, Vaşinqton ümid edirdi ki, Kuk kimi gözlənilməz elçilər Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq səylərində diplomatik çıxılmazlığı aradan qaldırmağa kömək edə biləcəklər.
Forumun açılış günündə Kuk Putinin də qatıldığı paneldə çıxış edib. Qəzetə verdiyi müsahibədə Kuk Rusiya rəsmiləri ilə görüşləri barədə şərh verməkdən və ya Trampın ona bu əlaqələri qurmağı tapşırıb-tapmadığı, yaxın gələcəkdə yenidən Rusiyaya səfər etməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Ağ Ev sözçüsü öz növbəsində bildirib ki, ABŞ "hər iki tərəflə əlaqə saxlayaraq və müharibəyə son qoymaq üçün çalışaraq konstruktiv rol oynamağa davam edir". Amerikalı rəsminin sözlərinə görə, Kuk ikitərəfli mədəni əlaqələri təşviq etmək üçün Sankt-Peterburqda keçirilən forumda ABŞ İncəsənət Komissiyasının sədri kimi iştirak edib və bu səfər diplomatik münasibətlərin bərpası perspektivləri üçün əhəmiyyətli simvolik əhəmiyyətə malik olub.
SAMİRƏ