Oqtay Qasımov: "Trampın Məkkə sazişinə müsbət münasibəti istehza deyil, yeni regional təhlükəsizlik arxitekturasına dəstək mesajıdır"
ABŞ Prezidenti Donald Tramp Məkkə Birgə Müdafiə Sazişini Yaxın Şərq ölkələrinin təhlükəsizlik sahəsində birləşməsi baxımından mühüm addım kimi qiymətləndirib. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan sazişə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı hücum hesab ediləcək. Saziş BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan qanuni özünümüdafiə hüququna əsaslanır. Tramp bu razılaşmanın üç ölkənin birgə müdafiə imkanlarını gücləndirəcəyini və Yaxın Şərqdə təhlükəsizlik əməkdaşlığının dərinləşməsinə yol aça biləcəyini bildirib.
Politoloq Oqtay Qasımov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Məkkə Birgə Müdafiə Sazişinə müsbət münasibəti daha çox real siyasi maraqlardan irəli gəlir və onun “çox şadam” ifadəsində istehzadan çox strateji yanaşma axtarmaq lazımdır.
Ekspertin sözlərinə görə, son dövrdə İranla baş verən müharibə və qarşıdurmalar Yaxın Şərq ölkələrinə bir daha göstərdi ki, yalnız ABŞ-ın təhlükəsizlik təminatlarına arxalanmaq kifayət etmir. Münaqişə zamanı region ölkələrinin ciddi təhlükələrlə üzləşməsi onların öz təhlükəsizlik imkanlarını şaxələndirməyə və əlavə regional mexanizmlər yaratmağa marağını artırıb. Bu baxımdan Məkkə Sazişini də region dövlətlərinin öz təhlükəsizliklərini daha çox kollektiv əsasda təmin etmək cəhdlərinin bir hissəsi kimi qiymətləndirmək olar.
Oqtay Qasımov qeyd edib ki, hazırda dünya təhlükəsizlik sistemində ciddi dəyişikliklər gedir. Qlobal güclərlə yanaşı, regional təhlükəsizlik arxitekturaları və regional dövlətlərin öz aralarında yaratdığı əməkdaşlıq formatları getdikcə daha böyük əhəmiyyət qazanır. Buna görə də Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin təhlükəsizlik məsələlərində yeni mexanizmlər formalaşdırmaq istəyi Vaşinqton üçün tamamilə qəbuledilməz proses deyil.
Politoloqun fikrincə, Trampın sazişə “çox şadam” deməsi ABŞ-ın regiondakı əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin olunmasında maraqlı olması ilə də bağlıdır. Vaşinqton üçün əsas məsələ regionda yaranan yeni təhlükəsizlik mexanizmlərinin ABŞ-ın strateji maraqlarına və müttəfiqlərinin mövqeyinə zidd istiqamətdə inkişaf etməməsidir.
Bu baxımdan, Trampın açıqlamasını istehza kimi qəbul etmək üçün ciddi əsas yoxdur. Əksinə, ABŞ prezidenti regional dövlətlərin təhlükəsizlik məsuliyyətinin müəyyən hissəsini öz üzərlərinə götürməsini və bununla yanaşı ABŞ-la strateji tərəfdaşlığın davam etməsini müsbət qiymətləndirə bilər. Xüsusilə İran faktorunun region üçün yaratdığı təhlükələr nəzərə alınarsa, ərəb ölkələrinin birgə müdafiə mexanizmləri formalaşdırması Vaşinqtonun maraqları ilə müəyyən mənada üst-üstə düşür.
Oqtay Qasımov hesab edir ki, burada əsas məqam ABŞ-ın regiondakı təhlükəsizlik rolunun tamamilə aradan qalxması deyil, təhlükəsizlik məsuliyyətinin müəyyən hissəsinin regional dövlətlər arasında bölüşdürülməsidir. Yəni Məkkə sazişi ABŞ-ın Yaxın Şərqdən kənarlaşdırılması kimi deyil, regional ölkələrin öz müdafiə imkanlarını gücləndirməsi və bunun ABŞ-ın mövcud müttəfiqlik sistemi ilə uzlaşdırılması kimi dəyərləndirilə bilər.
Dəniz NƏSİRLİ