Suriya məhkəməsi devrilmiş rejim lideri Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi mülki əhaliyə qarşı qırğınlarda günahlandıraraq edam cəzasına məhkum edib.
Məhkəmə Vasim əl-Əsədi bir neçə nəfərin qəsdən və planlı şəkildə öldürülməsi, işgəncə, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri ittihamları ilə edam hokum çıxarıb.
Bildirilib ki, Vasim Əsəd briqada generalı Qiyas Dalanın əmri ilə qanunsuz silahlı qruplar yaradıb və bu qruplar Şərqi Qutadakı mülki əhalini hədəf alıblar, xüsusən də Meliha şəhərində mülki əhaliyə qarşı qırğınlarda iştirak ediblər.
Məhkəmə müəyyən edib ki, Vasim Əsədə sadiq silahlı qruplar Suriyanın müxtəlif yerlərində mülki şəxslərin oğurlanması və qətllərində də iştirak ediblər.
Məhkəmə həmçinin edama məhkum edilmiş Vasim Əsədin daşınar və daşınmaz əmlakının dövlət xəzinəsinə müsadirə edilməsinə qərar verib.
Avqustun 11-də Suriya məhkəməsi Bəşər Əsəd, qardaşı Mahir Əsəd, əmisi oğlu Atif Nəcib və bir neçə digər yüksək vəzifəli məmuru da edam cəzasına məhkum edib.
Tahir TAĞIYEV