ABŞ və Çin arasında gedərək artan ziddiyyətlər iqtisadi müstəvidə özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. Hadisələrin inkişaf axarı bu iki ölkənin iqtisadi müharibəsinin əslində başlandığını göstərir. Belə vəziyyətdə ənənəvi olaraq müraciət edilən metodlardan biri də valyutaların ucuzlaşdırılmasıdır.
Xüsusən də Çinin buna meyllənməsi "valyuta müharibəsi"nin başlamasını qaçılmaz edəcək. Yeri gəlmişkən qeyd edək ki, bu vəziyyətdə Çindən Azərbaycana gətrilən məhsulların da xeyli dərəcədə ucuzlaşması gözlənir. Xatırladaq ki, Çin Azərbaycanın da ən böyük iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi yüzlərlə milyon dollar həcmindədir. Hələ də Çindən Azərbaycana ən müxtəlif növdə məhsullar gətrilir. Çin milli valyutasının ucuzlaşması isə həmin məhsulların qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq.
Hər halda proseslərin gedişi Çinin "valyuta müharibəsi"nə nə dərəcədə cəlb olunacağından və milli pulu olan yuanı hansı həddə qədər ucuzlaşdıracağından birbaşa asılı olacaq. ABŞ da Çinin mümkün addımına qarşı tədbirlər görməyə hazırlaşır. Ekspertlər ABŞ-la Çin arasında başlayan ticarət müharibəsində indilikdə daha çox Çinin zərər görəcəyini düşünür. "The Financial Times" qəzeti , ABŞ-ın "The Conference Board" analitik mərkəzi statistik göstəricilərin təhlili nəticəsində yazır ki, Çinə mal ixrac edən ölkələr ticarət müharibəsindən nisbətən az zərər görəcək.
Çinin əsas ticarət tərəfdaşları olan ABŞ və Avropa İttifaqının (Aİ) bu ölkəyə ixrac etdiyi əlavə dəyərli məhsulların ÜDM-də xüsusi çəkisi müvafiq olaraq 0,7% və 1,6% təşkil edir. Çindən ABŞ-a olan əlavə dəyərli məhsulların ixracı isə ÜDM-in 3%-nə bərabərdir. "The Conference Board"ın baş iqtisadçısı Erik Lund hesab edir ki, ticarət statistikası ABŞ-Çin ticarət qarşıdurmasında Amerika iqtisadiyyatı üçün önəmli təhlükənin olmadığını göstərir. Bununla yanaşı iqtisadçı bildirib ki, tammiqyaslı ticarət müharibəsi hər iki ölkə üçün zərərli olacaq: "Ticarətin həcmində azalma ABŞ-da inflyasiyanın artmasına gətirib çıxaracaq ki, bu da istehlakçılara mənfi təsir göstərəcək".
Qeyd edək ki, ötən həftə istefa etməzdən əvvəl ABŞ-ın baş strategiya mütəxəssisi Stiv Bennon "American Prospect" jurnalına müsahibəsində bildirib ki, ölkəsi Çinlə ticari müharibə vəziyyətindədir. Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın Çinlə ticarət kəsirinin həcmi 347 milyard dollar olub, bu da ümumi kəsirin 69,3%-ni təşkil edib. İndi ABŞ bu göstəricinin azalmasını istəyir və Çindən gələn məhsullara yüksək rüsum tətbiq edir. Bu vəziyyətdə Çin milli pulu olan yuanı ujuzlaşdırmaqla ixrac imkanlarını saxlamağa çalışır. Elə bu səbəbdən gözlənir ki, cari ilin əvvəlindən möhkəmlənən Çin milli valyutası ucuzlaşmağa başlaya bilər.ABŞ-ın "CNBC" telekanalı da bildirir ki, cari ilin əvvəlindən yuan dollarla müqayisədə 4% bahalaşıb. Nəticədə ötən il 7% ucuzlaşan yuan itkinin bir hissəsini kompensasiya edə bilib. Qeyd edək ki, bu iki valyutanın qarşılıqlı rəsmi məzənnəsi 1 dollar üçün 6,6597 yuan səviyyəsində təsdiq olunaraq 2017-ci ilin maksimal həddinə çatıb. Ötən il ölkədən kapital axını nəticəsində ucuzlaşan yuan bu il Çin hökumətinin kapitalın hərəkətinə nəzarəti gücləndirməsindən sonra möhkəmlənməyə başlayıb. Lakin analitiklər ikinci yarımillikdə Çin iqtisadiyyatının artım tempinin yavaşıyacağından ehtiyat etdiklərini bildirib. Avstraliyanın "Macquarie" maliyyə qrupunun analitiki Larri Xu bildirir: "İlin sonuna qədər iqtisadi artım yavaşlasa və ya qlobal valyuta bazarında dolların məzənnəsi möhkəmlənsə, yuan ucuzlaşa bilər". "Capital Economics" araşdırma şirkətinin Asiya bazarları üzrə baş iqtisadçısı Mark Uilyams bildirib ki, yuanın məzənnəsi üzrə dinamikanın dəyişəcəyi proqnozlaşdırılır: "Qeyri-maliyyə sektorunun borcunun artması əsas risq amili olaraq qalır. Bu da maliyyə həssaslığı yaradır". Belə vəziyyətdə cavab tədbiri kimi ABŞ da dolların məzənnəsini aşağı sala bilər.
Ancaq Ağ Ev dolların möhkəmlənməsinin qarşısını necə və hansı yolla alacaq, bu məsələ hələ tam aydın deyil. Çünki Federal Ehtiyatlar Sisteminin (FES) rəhbərliyinin indiyədək tutduğu mövqedən geri çəkilmək niyyəti yoxdur. Bu il ərzində FES, keçən il olduğu kimi, bir dəfə də faiz dərəcəsini artırmağa cəhd göstərəcək. Prezident Donald Tramp isə öz növbəsində Canet Yelleni vəzifə müddəti başa çatdıqdan sonra postunda saxlamaq fikrində deyil. Elə bundan sonra Trapm dolları istədiyi həddə qədər aşağı sala bilər. Bu da dolların bütün dünyada, o cümlədən Azərbaycanda ucuzlaşması deməkdir. İndilikdə görünən odur ki, dünyanın bir və iki nömrəli iqtisadiyyatları sayılan ABŞ və Çin arasında iqtisadi müharibənin yeni mərhələsi başlayır. ABŞ-la Çin arasında sərt qarşıdurmanı müşahidə edən analitiklərin əksəriyyəti hesab edir ki, bu qarşıdurma qlobal iqtisadi artım üçün təhlükə törədir. Eyni zamanda, baş verənlər sayəsində dünya iqtisadiyyatında yeni problemlər də üzə çıxacaq.
Tahir TAĞIYEV