Əli Məsimli: “Risqli xarici dövlət borcunun səviyyəsi yox, ondan nə dərəcədə səmərəli istifadə barədə yetərli məlumatın və…”
Məlum olduğu kimi, Azərbaycanın xarici dövlət borcu açıqlanıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, 1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 172,6 mln. ABŞ dolları (12 mlrd. 208,5 mln. manat), xarici dövlət borcunun ümumdaxili məhsula (ÜDM) olan nisbəti 18,9 % təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Dövlət borcları ölkənin maliyyə-kredit sisteminin sabitliyini və möhkəmliyini xarakterizə edən əsas göstəricilərdən biridir. 2017-ci ilin əvvəlinə Azərbaycanda adambaşına 700 dollar (1248 manat ) xarici borc düşür. Müqayisə üçün qeyd edək ki, bu, postsovet məkanına aid ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Belə ki, ötən ilin sonlarına olan məlumata görə, adambaşına xarici borc keçmiş SSRİ-nin əsas neft hasil edən ölkələri olan Rusiyada 3649 dollar (Azərbaycandakından 5 dəfə çox), Qazaxıstanda 3144 dollar (Azərbaycandakından 4,5 dəfə çox) olub. Postsovet məkanına aid ölkələr arasında adambaşına xarici borcun ən yüksək göstəriciləri isə Baltikyanı ölkələrdədir: Latviyada - 19763 dollar, Estoniyada- 15947 dollar, Litvada -12323 dollardır. Qonşu ölkələrlə müqayisə aparsaq, adambaşına xarici borc Gürcüstanda 3144 dollar, Ermənistanda 4385 dollardır.
Bütün bu deyilənlərin fonunda xarici dövlət borcunun ÜDM-ə olan nisbətini (18,9 % ) ekspertlər necə dəyərləndirir? Sözügedən məsələni dəyərləndirən millət vəkili Əli Məsimlinin fikrincə, bu rəqəm Azərbaycan kimi ölkələr üçün təhlükəli hesab oluna biləcək həddən 2 dəfə aşağıdır: “Müqayisə üçün qeyd edək ki, keçmiş SSRİ-nin əsas neft hasil edən ölkələri olan Rusiyada xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 41 faiz, Qazaxıstanda 124 faiz təşkil edir. Yenə qonşu ölkələrlə müqayisə aparsaq, Gürcüstanda xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 109 faiz, Ermənistanda 95 faiz təşkil edir. Dövlətin Beynəlxalq Bankla əlaqəli öz üzərinə götürdüyü xarici borc öhdəliklərini də bura əlavə etdikdə Azərbaycanın xarici borcu ÜDM-in 20 faizindən yuxarı qalxacaq. Bununla belə, gətirdiyimiz müqayisələr göstərir ki, hələlik Azərbaycanın xarici dövlət borcunun məbləğini risqli hesab etmək olmaz. Mərkəzi Bankın 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən demək olar ki, bu ilin 6 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 40,5 milyard ABŞ dolları təşkil edib. Strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3,6 dəfə üstələyib. Digər tərəfdən, risqli xarici dövlət borcunun səviyyəsi yox, ondan nə dərəcədə səmərəli istifadə barədə yetərli məlumatın və bu sahədə tam şəffaflığın olmaması, borclanma sahəsində zəruri tədbirlrin konkret proqram çərçivəsində elmi cəhətdən optimal əsaslandırılmaması və sistemli şəkildə həyata keçirilməməsindədir ki, bunlar da gələcəkdə xarici borclar sahəsində problemlərin əsasını qoya bilər”.
Vidadi ORDAHALLI