Əkrəm Həsənov: “İstiqrazların geri çağırılması likvidlik vəsaitlərinin artmasına səbəb olacaq”
Maliyyə Nazirliyi indiyədək buraxılan 4 istiqrazın delistinq edilərək geri çağırılması barədə qərar qəbul edib. Söhbət Maliyyə Nazirliyi tərəfindən 2023-cü ildə buraxılmış 4 istiqrazdan gedir.
Qeyd edək ki, Maliyyə Nazirliyinin bu istiqrazlar üzrə qarşıda faiz (kupon) ödənişləri nəzərdə tutulur. 1 istiqraz üzrə 1 dəfə, 3 istiqraz üzrə isə 2 dəfə faiz ödənişi ediləcək. Nazirliyin həyata keçirməsi gözlənilən faiz ödənişlərinin ümumi məbləği, yuxarıda göstərildiyi kimi, 25,6 milyon manat təşkil edir.
AZ0201040208 istiqrazının nominal qiyməti 100 manat olduğu halda, real qiyməti 98,45 manatdır. Yəni istiqrazın ümumi buraxılışının qiyməti nominal olaraq 120 milyon əvəzinə real olaraq 118 milyon manatdır.
AZ0201040240 istiqrazının nominal qiyməti 100 manat olduğu halda, real qiyməti 97,95 manatdır. Yəni istiqrazın ümumi buraxılışın qiyməti nominal olaraq 135 milyon əvəzinə real olaraq 132 milyon manatdır.
AZ0201040265 istiqrazının nominal qiyməti 100 manat olduğu halda, real qiyməti 99 manatdır. Yəni istiqrazın ümumi buraxılışın qiyməti nominal olaraq 135 milyon əvəzinə real olaraq 133,7 milyon manatdır.
AZ0201040323 istiqrazının nominal qiyməti və real qiyməti eynidir – 100 manat. Yəni istiqrazın ümumi buraxılışın qiyməti də real olaraq 100,7 milyon manatdır.
Qeyd edilən istiqrazları bazar qiyməti ilə geri almaq mümkün olsa, Maliyyə Nazirliyi əlavə 6,3 milyon manata qənaət edə biləcək.
Onu da bildirək ki, Maliyyə Nazirliyi istiqrazların geri alınmasının səbəblərini açıqlamayıb.
Məlumdur ki, dövlət istiqrazlarının əsas alıcıları banklar və sığorta şirkətləridir. Bu halda onların portfelində likvid vəsaitlərin artması gözlənilirmi? Görəsən, istiqraz sahibləri qiymətli kağızları vaxtından əvvəl satmağa razı olacaqlarmı?
“Qiymətli kağızları əsasən bank və sığorta şirkətləri əldə edir, bu maliyyə qurumları da, çox güman ki, Maliyyə Nazirliyinin sözündən çıxmayacaq”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, istiqrazların buraxılma şərtində könüllü yazılıbsa, geri çağırıla bilər: “Qiymətli kağızları əsasən bank və sığorta şirkətləri əldə edir. Bu maliyyə qurumları da, çox güman ki, Maliyyə Nazirliyinin sözündən çıxmayacaq. Istənilən halda istiqrazların geri çağırılması likvidlik vəsaitlərinin artmasına səbəb olacaq. Ancaq bankların likvidlik vəsaitinin kifayət qədər olub-olmaması da sual yaradır. Bəzi böyük banklarda likvidlik vəsaiti çoxdur”.
Ekspert hesab edir ki, istiqrazların geri çağırılması bank faizinə heç bir halda təsir etməyəcək. Çünki Azərbaycanda faiz dərəcələri daha çox kredit risqinə bağlıdır: “Kreditin geri qaytarılmaması və ya geri qaytarılmama ehtimalının yüksək olması kimi amillər faizin artmasına təsir edir”.
Günel CƏLİLOVA