"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində “İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...” başlıqlı status paylaşıb.
Statusa çox sayda sosial şəbəkə istifadəçisi tərəfindən şərh yazılıb. Bunlardan biri də qardaş Türkiyədən Ziya Şahindir. Ziya Şahin A.Quliyevə bir sual ünvanlayıb.
A.Quliyevin türkiyəli qardaşımıza verdiyi cavabı olduğu kimi təqdim edirik:
- Elçibəyin, Heydər Əliyevin prezidentliyindən başlayaraq indiyə kimi - İlham Əliyevin prezidentliyinə qədər heç bir Azərbaycan rəhbəri qardaş ölkə ilə sayqısız davranmadı, haqqını inkar etmədi. Zatən buna ehtiyac da yox idi. Qardaşla döyüşmək kimə fayda verə bilər ki?! Düşmənlərdən başqa.
Bakıda Atatürkün möhtəşəm heykəli var, Atatürk Mədəniyyət Mərkəzi var və dövlət büdcəsindən maliyyə alır, Atatürkün adına böyük prospekt var, Bakıdan Şamaxı şəhərinə gedən yolun üstündə 1918-də həlak olmuş naməlum türk əsgərinin tək məzarı bu gün hər bir yol keçən azərbaycanlının avtomobilini saxlayaraq ürəkdən ziyarət etdiyi müqəddəs yerdir, Bakının ən möhtəşəm Dağüstü parkında Azərbaycan Cümhuriyyətinin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman türk əsgərlərinin xatirəsinə Türk şəhidliyi abidəsi var. Dağüstü parkda Türk şəhidliyi elə Nuru Paşanın qəhrəman əsgərlərinə qoyulmuş abidə deyilmi? Hər il 15 sentyabrda - eylüldə Bakının azadlıq günü qeyd edilir ki, bu tədbirlərdə Nuru Paşanın ismi çox böyük hörmətlə hər kəs tərəfindən çəkilir.
Məncə bunlar az şey deyil.
Zatən Türkiyədə də Azərbaycana sayqı ifadə edən abidələr, xatirə kompleksləri var. Zatən əsl qardaşlığa da yaraşan elə budur.
O ki qaldı Nuru Paşa üçün Azərbaycanda ayrıca bir abidənin yapılmasına, üzülmək lazım deyil, inşallah o da olacaq. Bunu cumhur başkanı İlham Əliyevə demək lazım deyil ki… İlham Əliyev qardaş ölkə ilə bağlı kiməsə, nəyəsə azacıq da olsa, laqeydlik, sayqısızlıq edibmi? Məncə yox, həm də İlham Əliyev heç vaxt şəxsən Nuru Paşaya qarşı kötü bir söz, hərəkət, rəy bildirməyib. Demək ki, zamanı çatanda İlham Əliyev Nuru Paşaya da abidə yapdırar…
Tahir TAĞIYEV