Almaniya kansleri Fridrix Merz 4 oktyabrda Ukraynaya elan olunmamış səfəri zamanı Kiyevə genişmiqyaslı yeni yardım paketini açıqlayıb. Paket çərçivəsində Ukraynanın silahlandırılmasına 1 milyard avro, enerji sektoruna isə 350 milyon avro ayrılması nəzərdə tutulur.
Merz bildirib ki, Almaniya və Ukrayna arasında dronların, 1000 kilometrdən çox mənzilli raketlərin və peyk avadanlıqlarının birgə istehsalı ilə bağlı yeni razılaşmalar əldə olunub. Peyk avadanlığının Ukrayna ordusuna hədəflərin aşkarlanmasında yardım etməsi planlaşdırılır. Merz Ukraynanın müdafiə sənayesində son həftələrdə mühüm texniki irəliləyişlərin olduğunu və istehsalın sürətləndiriləcəyini qeyd edib.
Almaniya kansleri hesab edir ki, bu əməkdaşlıq yalnız Ukraynaya deyil, Almaniya və bütövlükdə Avropaya da fayda verəcək. Alman müdafiə şirkətlərinin Ukraynanın müharibə təcrübəsini öyrənəcəyi vurğulanıb.
Səfər zamanı Merz və Ukrayna Prezidenti Vladimir Zelenski Milli Elmlər Akademiyasını da ziyarət ediblər. Merz Rusiyanın Ukraynanın infrastrukturuna zərbələrini sərt şəkildə pisləyib və Putini müharibəni dayandırmağa çağırıb. O, danışıqlara hazır olduqlarını, lakin mülki əhaliyə hücumların dayandırılmalı olduğunu bildirib.
Merzin Kiyevə səfəri Rusiyanın hücumlarının intensivləşdiyi və təhlükəsizlik risklərinin artdığı bir vaxtda baş tutub. Almaniya kansleri səfərin Rusiyanın təhdidlərinə baxmayaraq həyata keçirildiyini və bununla Almaniyanın qorxmadığını nümayiş etdirdiyini bildirib.
Rusiyanın xəbərdarlığına baxmayaraq, Almaniya kanslerinim Ukraynaya nümayəndə heyəti ilə səfəri və oradan bəyanatlar verməsi ondan xəbər verirmi ki, artıq Rusiyanın əvvəlki qüdrəti yoxdur, bu bir test olaraq onu sübut etmirmi?
Almaniya kansleri Fridrix Merzin oktyabrın 4-də Ukraynaya elan olunmamış səfəri və səfər çərçivəsində Kiyevə hərbi və enerji sahələrində yeni maliyyə dəstəyinin açıqlanması Avropanın Rusiya-Ukrayna müharibəsinə münasibətində yeni mərhələnin formalaşdığını göstərir.
Xaqani Cəfərli: “Ukrayna məğlub olmayacağını sübut etdiyi üçün avropalı müttəfiqləri daha “səxavətli” olmağa başlayıblar”
Politoloq Xaqani Cəfərli məsələ ilə əlaqədar “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Fridrix Merzin Ukraynaya səfəri və yeni yardım paketinin elan olunması Rusiya işğalına qarşı müqavimətin dəstəklənməsinin Berlin üçün həyati əhəmiyyət kəsb etməsinin nəticəsidir.
Onun sözlərinə görə, Avropada artıq Rusiya-Ukrayna müharibəsinin gedişatına əvvəlki dövrlərdən fərqli yanaşma formalaşıb. Avropa ölkələri Rusiyanın müharibə nəticəsində ciddi itkilər verdiyini və onun hərbi potensialının əvvəlki səviyyədə olmadığını nəzərə alırlar. Bu baxımdan, Moskvanın məğlub edilə biləcəyinə dair inamın güclənməsi Ukraynaya göstərilən hərbi və maliyyə dəstəyinin miqyasına da təsir edir.
Xaqani Cəfərli qeyd edib ki, Avropa ölkələrinin daha qətiyyətli mövqe nümayiş etdirməsinə təsir edən əsas amillərdən biri də Rusiya təhlükəsinin dörd il əvvəlki dövrlə müqayisədə müəyyən mənada zəifləməsidir. Rusiya hərbi baxımdan nə qədər çox resurs itirirsə və Ukraynanın müqaviməti nə qədər uzun müddət davam edirsə, Kiyevin Qərb müttəfiqlərinin ona dəstək vermək imkanları və siyasi iradəsi də bir o qədər artır.
Politoloqun fikrincə, burada mühüm məqam Avropa ölkələrinin risk hesablamalarının dəyişməsidir. Çünki dövlətlər adətən gələcək perspektivi olmayan və məğlubiyyət ehtimalı yüksək olan tərəfə uzunmüddətli və böyük həcmdə resurs yatırmaqda maraqlı olmurlar. Ukraynanın dörd ildən artıq müddətdə Rusiya qarşısında müqavimət göstərə bilməsi isə onun hərbi və siyasi baxımdan dayanıqlılığını nümayiş etdirib.
Bu baxımdan Almaniyanın son qərarı yalnız Ukraynaya növbəti maliyyə və hərbi yardım kimi qiymətləndirilə bilməz. Berlin bununla həm də Ukraynanın müharibədə mövqelərini qorumasına və Rusiyanın hərbi təzyiq imkanlarının məhdudlaşdırılmasına sərmayə qoyur. Enerji sektoruna ayrılan vəsait isə xüsusilə əhəmiyyətlidir. Çünki Ukraynanın enerji infrastrukturunun Rusiya tərəfindən davamlı şəkildə hədəfə alınması ölkənin iqtisadi və sosial dayanıqlılığına birbaşa təsir göstərir.
Xaqani Cəfərli hesab edir ki, Avropanın Ukraynaya münasibətində əsas dəyişiklik məhz müharibənin nəticəsi ilə bağlı gözləntilərin dəyişməsi ilə əlaqədardır. Əgər əvvəl Qərbdə əsas sual Ukraynanın Rusiyanın təzyiqinə nə qədər davam gətirə biləcəyi idisə, hazırda Ukraynanın müqavimətinin Rusiyanı nə dərəcədə zəiflədə biləcəyi məsələsi daha çox ön plana çıxır.
Bu isə Avropanın Ukraynaya yardım siyasətinin uzunmüddətli xarakter almasına gətirib çıxara bilər. Almaniya kimi aparıcı Avropa dövlətlərinin daha böyük həcmdə hərbi və maliyyə resursları ayırması digər müttəfiqlər üçün də siyasi siqnal rolunu oynayır. Nəticədə Ukraynanın müdafiəsi təkcə onun ərazi bütövlüyünün qorunması məsələsi deyil, həm də Avropanın gələcək təhlükəsizlik arxitekturasının formalaşması ilə bağlı strateji məsələ kimi nəzərdən keçirilir.
Dəniz NƏSİRLİ