"Wall Street Journal" qəzetinin Beynəlxalq Ticarət Palatasının (ICC) baş katibi Con Dentonun bəyanatına istinadən verdiyi məlumata görə, Hörmüz boğazında nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər.
"Yaxın Şərqdə həyati əhəmiyyətli bir gəmiçilik marşrutundakı fasilələr enerji şokuna səbəb olub. İndi isə qlobal ərzaq təhlükəsizliyi böhranı yaxınlaşır" - deyən Dentonun sözlərinə görə, boğaz açılmasa, taxıl qiymətləri 80 faizə qədər arta bilər ki, bu da xüsusilə iqtisadiyyatı idxaldan asılı olan ölkələrə təsir edəcək. O, həmçinin Hörmüz boğazındakı vəziyyətin qlobal bazarda təxminən 2,7 milyon ton gübrə çatışmazlığına səbəb olduğunu bildirib.
Qəzetin məlumatına görə, Beynəlxalq Ticarət Palatası BMT və Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə birlikdə boğazdan keçən gəmiçilik üzərində nəzarəti müvəqqəti olaraq BMT Baş katibinə təhvil vermək üçün bir mexanizm üzərində işləyir. Qeyd edilir ki, hazırlanan mexanizm monitorinq, gəmi sığortası və yoxlamaları əhatə edir, lakin ABŞ-İran razılaşmasının olmaması onun həyata keçirilməsinə mane olur.
Tahir TAĞIYEV