Elşad Həsənov: “Uğurlu xarici siyasət sayəsində böyük dövlətlərin geosiyasi maraqlarının toqquşma məkanına çevrilməyib”
Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər. Bu sözləri Prezident Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
“Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir. Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər”, - Prezident Əliyev qeyd edib.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Prezident Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu xeyli artıb: “Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra beynəlxalq səviyyədə artıq Orta Güc kimi tanınan bir ölkəyə çevrilib. Azərbaycan hər bir ölkə ilə özü münasibətlərini qurub. Azərbaycan dəfələrlə bir sıra ölkələr üçün danışıqlar aparmaq üçün bir platforma olub. Bir-birinə düşmən münasibət bəsləyən dövlətlər Azərbaycanda bir araya gəliblər, danışıqlar aparıblar. Türkiyə-İsrail, Suriya-İsrail danışıqları Azərbaycanda keçirilib. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə bütün ölkələr qatılıb. Çünki ölkəmiz müstəqil siyasət yeridir. Hansısa güclü dövlətin yedəyində getmir. Azərbaycanın Avropa İttifaqına üzv olan 10 ölkə ilə rəsmi strateji tərəfdaşlıq formatında sənədləri və bəyannamələri mövcuddur. Azərbaycan xarici siyasətdə özünü yalnız bir tərəfdaş və ya bir geosiyasi istiqamətlə məhdudlaşdırmır. Bir sıra ölkələrlə tərəfdaşlıq əlaqələri qurur. Çin, ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri, Türkiyə, Mərkəzi Asiya və İslam dünyası ilə paralel əlaqələr qurmaqla tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu siyasət Azərbaycan kimi coğrafi baxımdan önəmli bir məkanda yerləşən ölkə üçün xüsusilə əhəmiyyət kəsb edir. Çoxşaxəli əlaqələr sistemi Azərbaycanın xarici siyasətdə alternativlərini qorumasına şərait yaradır. Eyni zamanda ölkəmizin manevr imkanlarını artırır. Prezident Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində Azərbaycan böyük dövlətlərin geosiyasi maraqlarının toqquşma məkanına çevrilməyib”.
Vidadi ORDAHALLI