Ramil Məmmədli : “Harada dayanmaq lazım idisə orada dayandıq və Qarabağda suverenliyimizi tam bərqərar etdik”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı deyib ki, 2023-cü ilin sentyabrında müxtəlif variantlar var idi, amma vaxtında dayandıq:
“Təkbaşına düşməni məğlubiyyətə uğratmaq, düşmənə öz şərtlərini diktə etmək, onu kapitulyasiya aktına imza atmağa məcbur etmək, baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxtda dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki bizə əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb. İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, bütün bunlar Ali Baş Komandanın uzaqgörən siyasətindən irəli gəlir: “Bəli, həmin vaxt dayanmamaq və qarşı tərəfi daha çox itkiyə məruz qoymaq olardı. Çünki separatçı rejim hər tərəfdən mühasirədə idi. Ancaq biz buna getsəydik beynəlxalq müstəvidə ciddi təzyiqlərlə üzləşə və müəyyən sanksiyalara məruz qala bilərdik. Onsuz da Qarabağdakı separatçıların təslim olacağı qaçılmaz idi. Çünki 2022-ci ildə keçirilən bir sıra əməliyyatlar nəticəsində Fərrux, Sarıbaba, Qırxqız yüksəklikləri nəzarətə götürüldü. 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu ərazisində Həkəri çayı üzərində “Laçın” nəzarət-buraxılış məntəqəsi təsis edildi. Bu addım Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və sərhəd təhlükəsizliyinin qorunmasında mühüm tarixi hadisədir. Məntəqə vasitəsilə Laçın–Xankəndi yolu üzərində tam nəzarət təmin olundu. Nəticədə Ermənistandan Qarabağa qanunsuz olaraq silah-sursat daşınmasının qarşısı alındı. Bütün bunlardan sonra Qarabağda suverenliyimizin tam bərqərar edilməsi an məsələsi idi. Biz ermənilərə şans verdik ki, separatizmə son qoysunlar, Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Onlar bunu etmək əvəzinə pozucu fəaliyyətlərini davam etdirdilər. Nəticədə antiterror əməliyyatlarına start verildi. Ordumuz sürətli hücuma keçərək qısa müddətdə qarşısına qoyduğu hədəflərə çatdı. Sentyabrın 19-da başlayan əməliyyatlar ona görə 20-də dayandırıldı ki, onsuz da qələbə bizim tərəfimizdə idi. Prezident Azərbaycana düşmən olan xarici qüvvələrə bir daha sübut etdi ki, heç bir güc Qarabağda suverenliyimizin tam bərqərar edilməsinə mane ola bilməz. Harada dayanmaq lazım idisə orada dayandıq və Qarabağda suverenliyimizi tam bərqərar etdik”.
Vidadi ORDAHALLI