Akif Nağı: “Bu erməni mediasının növbəti manipuliyasiyasıdır, əsassız iddiasıdır”
Erməni mediası təxribatlarından və cəfəng iddialarından əl çəkmək istəmir. “Son aylarda Azərbaycan Cermuk (İstisu) yaxınlığındakı “işğal olunmuş” ərazilərdə mövqelərini genişləndirib və gücləndirib”. Bu cəfəng iddia ilə “Sputnik Armenia” çıxış edib. “Sputnik Armenia” “Azərbaycan 2022-ci ilin sentyabr ayında bu ərazidə Ermənistan ərazisinə hücum edib və bizim hesablamalarımıza görə, Cermuk ərazisində 70 kvadrat kilometrdən çox ərazini (fiziki mövcudluğu) ələ keçirib” (?).
Daha sonra iddia edilir ki, bunun ardınca (2022-2023-cü illərdə), azərbaycanlılar ərazidə əhəmiyyətli mühəndislik işləri aparıblar.
“Lakin peyk görüntüləri göstərir ki, Bakının hərəkətləri bununla bitməyib: 2026-cı ilin iyulundan sentyabrına qədər olan peyk görüntüləri yeni və genişləndirilmiş mövqe infrastrukturunu göstərir."
Bir sıra sahələrdə (yolların genişləndirilməsi, mövqelərin inkişafı və genişləndirilməsi) görülən işlərin miqyası tək-tək hərəkətləri deyil, hərtərəfli mövqe infrastrukturunun inkişafını göstərir.
Qeyd etmək lazımdır ki, iş keçmiş Sovet sərhədindən 1,2 ilə 6 km arasında yerləşən mövqelər ərazisində aparılıb (SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1974-cü il topoqrafik xəritəsinə əsasən, bu mövqelər Ermənistan SSR ərazisində yerləşir).
Bundan əlavə, hərbi infrastrukturun gücləndirilməsi və genişləndirilməsi Sovet xəritələrinə əsaslanan delimitasiya prosesinin başlamasından, eləcə də 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonra baş verib", - deyə media orqanının cəfəngiyyatında bildirir.
Erməni mediası, konkret olaraq “Sputnik Armenia” bu fitnələrdən niyə əl çəkmir?
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, ermənilər 2022-ci ilin sentyabrında baş verən hadisələrlə dəfələrlə manipuliyasiya ediblər: “Bunu “işğal” faktı kimi təqdim etməyə cəhd edirlər ki, Azərbaycan guya hanısa torpaqları “zəbt” edib. Beynəlxalq rəyi çaşdırmaq üçün yanlış informasiyalar ötürürlər, dünya ictimiayyətini aldatmağa çalışırlar. Bunu mətbuat da, baş nazir Paşinyan da, hökumət nümayəndələri də, müxalifət də, qeyriləri də edir. Bundan istifadə edib manipulasiya ilə məşğul olurlar. Bu erməni mediasının növbəti manipuliyasiyasıdır, əsassız iddiasıdır.
2022-ci ilin sentyabrında Ermənistan Azərbaycana qarşı çox dəhşətli bir təxribat törətdilər. Bir neçə istiqamətdən, xüsusilə də Kəlbəcər və Laçın istiqamətindən Azərbaycanın mövqelərinə hücuma keçdilər. Çox ağır döyüşlər oldu. Azərbaycan müdafiə döyüşü aparmaq məcburiyyətində qaldı. Azərbaycanın itkiləri oldu, təxminən 80 nəfər hərbiçimiz şəhid oldu, 300-ə yaxın hərbiçimiz o ağır döyüşlərdə yaralandı. İki gün davam etdi. Ermənistanın da itkiləri oldu, özləri etiraf etmirlər, amma 400-ə yaxın həlak olanları olub. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını aldı və bununla da onların gələcəkdə təxribat törətmək imkanlarını əllərindən aldı. Ermənistanın həmin istiqamətlərdə ən azı 8 döyüş mövqeyini Azərbaycan məhv etdi və nəzarətə götürdü. Həmin hadisədən bir müddət sonra Azərbaycan Prezidenti açıqlama verdi ki, ermənilər bizə qarşı təxribat törətmişdilər, ona görə də biz məcburiyyət qarşısında qalıb öz ərazilərimizdə olan yüksəkliklərdə döyüş mövqelərimizi qurduq. Bu bizim öz ərazimizdə olub, Ermənistan ərazisinə keçməmişik. Yəni biz öz ərazimizdə olan yüksəkliklərdə döyüş mövqelərimizi qurduq ki, Ermənistan bizə qarşı bir daha təxribat törətməsin. İndi ermənilər deyirlər ki, həmin mövelərdə 1,2 6 kilometr məsafə var. Bu potensial təxribat nöqtələrini, məntəqələrini Azərbaycan vizual şəkildə nəzarətdə saxlayır. O cümlədən, İstisu, Qarakilsə, Gorus, Qafqan nəzarətdə saxlanılır. Bunu da Azərbaycan Prezidenti aydın şəkildə izah etdi, beynəlxalq təşkilatlara da çatdırdı ki, burada başqa söhbət yoxdur, Azərbaycan təxribatların qarşısını almaq üçün öz ərazilərindəki yüksəkliklərdən Ermənistan tərəfindəki potensial təhlükə mənbələrini nəzarətdə saxlayır. Yəni onlar hərəkət etsələr dərhal məhv ediləcək. Mahiyyət bundan ibarətdir, erməni tərəfi bunu yanlış təqdim etməyə çalışır.
İndi də iddia edirlər ki, Azərbaycan öz ərazisində hanısa istehkam işləri həyata keçirir. Bu barədə rəsmi məlumat yoxdur. Amma hansısa bir iş görülürsə bu Azərbaycanın öz daxili işidir”.
A.Nağı qeyd etdi ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək, təxribatların qarşısını almaq üçün öz ərazisində müəyyən işlər həyata keçirə bilər, bunun Ermənistana heç bir aidiyyəti yoxdur. “Xain xoflu olar. Ermənilər Azərbaycana qarşı o qədər təxribatlar törədiblər ki, ola bilsin, yenə də fikirlərində təxribatlar var, Azərbaycanın da bundan xəbəri var və ona qarşı tədbirlər görür, onlar da bundan narahatdır. Bu ola bilər. Amma istənilən halda Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürməyə haqları yoxdur, Azərbaycan öz torpaqlarındadır, öz döyüş mövqelərini formalaşdıb, indən sonra da o mövqedə qalacaq və sərhədlərini ciddi şəkildə qoruyacaq”-deyə A.Nağı əlavə etdi.
İradə SARIYEVA