Moskvada Rusiya, Gürcüstan və Ermənistan arasında Abxaziya vasitəsilə avtomobil və dəmir yolu əlaqələrinin qurulması ilə bağlı layihə təqdim edilib. “Putin yolu” adlanan təşəbbüs Sovetlər dönəmində mövcud olan nəqliyyat marşrutunun bərpasını nəzərdə tutur. Özü də bu o kontekstdə baş verir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsinə xidmət edəcək TRIPP layihəsinin icrası istiqamətində əməli addımlar atılır. Rusiya isə TRIPP layihəsindən kənarda qaldığı üçün onun icrasında maraqlı deyil. Məhz belə bir vaxtda TRIPP-ə rəqib layihə qismində “Putin yolu” təşəbbüsü gündəmə gətirilir. Eyni zamanda daha bir maraqlı nüans odur ki, rəsmi İrəvan Ermənistan dəmir yolları üzərində nəzarəti Rusiyadan geri almaq istəyir. Lakin Moskva bu nəzarəti geri verməmək üçün imzalanmış müqavilələri Ermənistanın yadına salır, müxtəlif şərtlər irəli sürür. “Putin yolu” təşəbbüsü isə bu fonda həm də Ermənistan dəmir yolları üzərində nəzarətin qorunub saxlanmasına xidmət etməyə hesablanıb. Çünki təşəbbüs reallaşarsa, onun işləkliyi məhz Rusiyadan asılı olacaq. Beləliklə, regionda dəmir yollarına nəzarət uğrunda rəqabət daha da şiddətlənir və geosiyasi çalarlar qazanır.
Rusiyanın Rabitənin İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun direktoru Vladislav Qasumyanov tərəfindən hazırlanan təşəbbüs Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili vasitəsilə avtomobil və dəmir yolu bağlantısını nəzərdə tutur. Kremlyönlü tədqiqat təşkilatları tərəfindən fəal şəkildə dəstəklənən təşəbbüsü Ermənistanda Rusiayaya yaxın olan qüvvələr də xüsusi canfəşanlıqla alqışlayırlar. Bu hal İrəvanda keçirilən “Cənubi Qafqazda Nəqliyyat və Logistika Şəbəkələrinin İnkişaf Perspektivləri” adlı beynəlxalq ekspert konfransında bir daha özünü qabarıq şəkildə büruzə verdi. Onlar bu ideyanı regionda blokada vəziyyətinə son qoyacaq bir vasitə kimi təqdim etməyə çalışırlar. Lakin bir çox ekspertlər layihəni Ermənistana sırf Moskvanın hibrid siyasi təzyiqinin elementi adlandırır. “Putin yolu”nu təbliğ edən ekspertlərin əsas leytmotivi Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlardır. Hesab olunur ki, bu şəraitdə Rusiya, Gürcüstan və Ermənistan arasında Abxaziya vasitəsilə avtomobil və dəmir yolu əlaqələri yenidən bərpa oluna bilər. Dövlət Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin direktoru Aram Səfəryan bildirir: “İrəvanda Abxaziya vasitəsilə Moskva-Tiflis dəmir yolu xəttinin açılması ehtimalı ilə bağlı müzakirələr hələ 2016-cı ildə başlayıb. Lakin təşəbbüs sonradan gündəmdən çıxdı və o vaxt şərait fərqli olduğuna görə proses dayandı. İndi Cənubi Qafqazdakı siyasi və geosiyasi vəziyyət tamamilə fərqlidir. “Putin yolu” layihəsi reallaşarsa, “Rusiya Dəmir Yolları” şirkəti Cənubi Qafqaz regionunda ən əhəmiyyətli oyunçuya çevrilə bilərş. Çünki o, regiona bağlı ən böyük dəmir yolu qovşaqlarını birləşdirəcək. Bu halda məsələ artıq ayrı-ayrı dəmir yolu hissələrinin bərpası və ya müəyyən marşrutların işə salınması ilə məhdudlaşmayacaq, daha geniş bir prosesi əhatə edəcək”. “Putin yolu” layihəsinin həyata keçirilməsində əsas maneə isə Gürcüstanın mövqeyidir. Abxaziya vasitəsilə dəmir yolu xidməti 1990-cı illərin əvvəllərində Gürcüstan-Abxaz münaqişəsindən və infrastrukturun dağılmasından sonra dayandırılıb. 2026-cı ilin fevral ayında Rusiya baş nazirinin müavini Aleksey Overçuk Abxaziya vasitəsilə Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası ehtimalından danışmışdı. Lakin Tiflis bu əlaqənin bərpasının ölkənin ərazi bütövlüyünün bərpasından, Abxaziya və Cənubi Osetiyada Rusiya qoşunlarının çıxarılmasından sonra mümkün olduğunu bildirir. Gürcü təhlükəsizlik analitikləri vurğulayırlar ki, “İşğal Edilmiş Ərazilər haqqında“ Qanunu pozaraq Abxazsiyada Gürcüstan gömrük və sərhəd nəzarəti bərpa edilmədən keçid məntəqələrinin açılması hüquqi cəhətdən mümkün deyil. Tbilisi Kremlin şərtləri ilə qatarların yenidən Abxaziyadan keçməsinin mümkünlüyünü suverenliyinə birbaşa təhdid kimi qiymətləndirir. Amma Rusiayaya bağlı qüvvələr ümidlərini itirmirlər.
Ermənistanın Alternativ Tədqiqat Mərkəzinin rəhbəri Tatul Manaseryan bildirir: “Putin yolu” təşəbbüsünün müzakirəsi region ölkələri arasında qarşılıqlı əlaqənin təbiətinə toxunduğu üçün marşrutların tikintisi və ya bərpası çərçivəsindən kənara çıxır. Burada iki ölçü var. Birincisi siyasi və geosiyasidir ki, bura Ermənistanla Rusiya, Gürcüstanla Rusiya arasındakı münasibətlər, eləcə də Rusiyanın regiondakı digər ölkələrlə qarşılıqlı əlaqəsi üçün yeni imkanlar daxildir. İkincisi isə iqtisadidir. Böyük infrastruktur layihələri yeni imkanlar yarada bilər”. “Putin yolu” təşəbbüsü Ermənistanda TRIPP layihəsinin icrası istiqamətində işlərin sürətləndiyi bir vaxtda gündəmə gəlib və bu da təsadüfi deyil. Rusiyanın bütün cəhdlərinə baxmayaraq, ABŞ və Ermənistan Moskvanı bu layihədən kənarda saxlayır. Eyni zamanda, Ermənistan dəmir yollarının idarəçiliyini Moskvadan almaq üçün müvafiq addımlar atır. Rusiya isə məhz “Putin yolu” layihəsi ilə həm TRIPP-ə qarşı gediş edir, həm də Ermənistan dəmir yolları üzərində nəzarətini qorumağa çalışır. Erməni ekspert Hayk Babuxanyan qeyd edir: “ TRIPP Rusiya əleyhinə bir alətdir. ABŞ 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda təsbit edilən Rusiya nəzarətini öz təsiri ilə əvəz etməyə çalışır. Bu, Ermənistan vilayəti və İran üçün böyük risklər yaradır. Vaxtilə Rusiya Federasiyasının güclənməsinin qarşısını almaq üçün Abxaziya dəmir yolu Qərbin diqtəsi ilə dağıdılıb. Əhali məlumatsız olsa da, axmaq deyil. İnsanlar çox yaxşı başa düşürlər ki, Abxaziyadan keçən yol işləyərsə, onun faydaları Qərb-Şərq marşrutundan, TRIPP-in faydalarından daha çox olacaq”.
Daha bir önəmli nüans odur ki, TRIPP Ermənistan üçün daha böyük önəmə malikdir. Çünki, o, sadəcə bir yol deyil, mürəkkəb bir sistemdir. Özündə avtomobil və dəmir yolunu, neft və qaz boru kəmərlərini, elektrik xətləri və fiber-optik şəbəkələri birləşdirir. Eyni zamanda, TRIPP Şimal-Cənub dəhlizindən axınları da yönləndirə bilər.
Tahir TAĞIYEV