Qırmızı dəniz sahillərində mövqelərini gücləndirən Yəmənin “Ənsar Allah” və ya başqa adı ilə deyilsə Husilər hərəkatı bu dəfə diqqətini Səudiyyə Ərəbistanı ərazilərinə yönəldir. Bu ölkənin ərazisinə soxulmağa hazırlaşan Husilər, faktiki olaraq, Yaxın Şərqdə yeni böyük müharibə ocağını da alovlandırırlar. Özü də bu savaş artıq təkcə Yəmən–Səudiyyə münasibətləri çərçivəsində qiymətləndirilə bilməz. Söhbət Qırmızı dənizdə gəmiçiliyin, enerji infrastrukturunun və bütövlükdə qlobal ticarət marşrutlarının təhlükəsizliyindən gedir. Artıq bu kontekstdə Avropa, eləcə də Türkiyə, Pakistan və ABŞ-ın da Husilərlə Səudiyyə Ərəbistanı münaqişəsinə müdaxilə etməsi gözlənilir. İran isə, əksər ekspertlərin fikrincə, Husilərlə yaxınlığı səbəbindən sözügedən münaqişənin mərkəzində yer alan əsas tərəflərdən biridir. Beləliklə, mövcud mənzərə Husilərlə Səudiyyə Ərəbistanı arasında toqquşmaların kifayət qədər geniş təsirə malik olduğunu nümayiş etdirir.
Hələlik Husilər hərəkatı Səudiyyə Ərəbistanı ilə sərhəd yaxınlığında qüvvələrini artırır. Əsas hazırlıqlar hərəkatın əsas qalası olan Yəmənin şimalındakı Saada əyalətində aparılır. Yəmənin mərkəzi hökuməti bu manevrləri genişmiqyaslı quru hücumuna hazırlıq kimi qiymətləndirir. Rəsmilər hesab edirlər ki, İranın hərbi dəstəyinə malik yaraqlılarla Səudiyyə Ərəbistanının nizami qüvvələri arasında quru toqquşmaları artıq an məsələsidir. Hətta Qətərin “Əl-Ərəbi əl-Cədid” nəşrinin mənbələri Husilərin Səudiyyə Ərəbistanı sərhədi yaxınlığında hücuma hazırlaşdığını bildiriblər. Qeyd olunur ki, son günlərdə qruplaşma döyüşçülərin, silahların və avadanlıqların sərhəd bölgələrinə köçürülməsini intensivləşdirib. Nəşrin mənbələri əminlik ifadə edirlər ki, Husilər tezliklə Səudiyyə ərazisinə soxulmağı planlaşdırır. Husilərin komando qrupları tez-tez Səudiyyə Ərəbistanının cənub-qərbindəki Nəcran, Cazan və Əsir əyalətlərinə yerli sərhəd məntəqələrinə və hərbi bazalara hücum etmək üçün sərhədi keçiblər. Bundan əlavə, radikal qrupun yaraqlıları dəfələrlə Səudiyyə Ərəbistanının sərhəd şəhərlərinin kənarlarına nüfuz etmək, dağlıq ərazilərdən gizli və snayper atəşi üçün istifadə etmək qabiliyyətlərini nümayiş etdiriblər. Amma bu dəfə Səudiyyə Ərəbistanı ərazisində uzunmüddətli döyüşlərin aparılması, hətta bu ölkədə müəyyən ərazilərin nəzarətə götürülməsi nəzərdə tutulur. Yaxın Şərq üzrə rusiyalı ekspert Anton Mardasov bildirir: “Səudiyyə Ərəbistanının Nəcran ərazisi ilə sərhəddə yerləşən Saadada Husi qüvvələrinin artan konsentrasiyası Ər-Riyad tərəfindən hücum körpüsünün yaradılmasının sübutu kimi şərh olunur. Husi hərəkatının tarixi qalası olan Saada həm potensial quru hücumu vektoruna, həm də Səudiyyə Ərəbistanı qüvvələrini Yəməndəki digər cəbhələrdən uzaqlaşdırmaq üçün mərkəzə çevrilir. Saadada gərginliyin artması Nəcranda yaşayan və müəyyən dərəcədə muxtariyyətə malik olan İsmaili icmasına təsir etmədən qala bilməz. İsmaililərin ölkədə yüksək vəzifələr tutmasına qadağa qoyulması onların Səudiyyə rəhbərliyindən narazılığına səbəb olur və Husilər, onların arxasında dayanan qüvvələr bundan yararlanmaq istəyir”. Husilərin Səudiyyə Ərəbistanına qarşı belə fəallığının arxasında İran faktorunun durması da əksər ekspert dairələri tərəfindən qəbul olunur. “Reuters” agentliyinin məlumatına görə, Tehran Livan, Yəmən və İraqdakı müttəfiq qruplara ABŞ-nin bölgədəki obyektlərinə, tərəfdaşlarına və maraqlarına hücumlar barədə təlimat verib. İran və müttəfiqləri münaqişəni regionun digər hissələrinə yaymaqla, Hörmüz boğazından neft daşınmasını pozmaqla və qlobal enerji bazarına təhdidləri artırmaqla Vaşinqton üçün xərcləri artırmağa və Amerikanın başlatdığı müharibəni bu yolla dayandırmağa çalışırlar. Artıq Husilərin Bab əl-Məndəb boğazına doğru irəliləməsi Qırmızı dənizlə Hind okeanı arasındakı həyati əhəmiyyətli yola əlavə təhlükə yaratdı. Bu da neft qiymətlərini tətikləyən məqamlardan biridir. Amma əməliyyatların Səudiyyə Ərəbistanına keçirilməsi Krallığın neft ixracına daha böyük təhdid yaradır və nəticədə enerji bazarında qiymətlərin daha sürətlə yüksəlməsi gözlənilir.
Nəzərə alaq ki, Husilərin daxil olmaq istədiyi Nəcran “Aramco” neft şirkəti infrastrukturuna ev sahibliyi edir. Artıq Husilərin Səudiyyə Ərəbistanına ballistik raket və dron hücumları ilə Şərq-Qərb neft boru kəmərinə dəyən ziyan və liman və paylama infrastrukturuna edilən hücumlar Ər-Riyadı bir neçə istiqamətə neft nəqlini müvəqqəti olaraq dayandırmağa məcbur edib. Rusiyalı ekspert Pavel Sevostyanov bildirir: “Əsas sual budur: Husilərin Səudiyyə Ərəbistanına hücumundan kim faydalanır? Təbii ki, Tehran. İran üçün Husilər bir vasitə, Bab əl-Məndəb boğazı bir qol, qalanları isə detallardır. İran hərəkat üçün əsas aspektlərdən - silahlar, texnologiya, siyasi dəstək baxımından həqiqətən çox vacibdir. İran enerji marşrutları üzərində təsir gücü qazanır, Husilər isə coğrafi yerlərini öz mülahizələrinə görə istifadə edə biləcəkləri müstəqil siyasi və iqtisadi kapitala çevirirlər”.
Husilərin Səudiyyə Ərəbistanı üçün yaratdığı təhdid Pakistanı və Türkiyəni narahat edir. Bu üç ölkə 7 avqustda imzalanmış Məkkə Müdafiə Alyansının üzvləridir. Sazişə əsasən, üzvlərdən birinə hücum bütün üzvlərə hücum kimi qəbul ediləcək. Bəzi Avropa ölkələri, məsələn, Fransa Qırmızı dənizdə Husilərə qarşı hərbi güc tətbiinə hazır olduğunu bildirir. ABŞ və İsrail də prosesdən kənarda qalmaq niyyətində deyil. Ər-Riyadın əsas ümidi həm də Böyük Britaniyayadır. Səudiyyə Ərəbistanı rəhbərliyi Londondan hərbi yardım istəyib. Bütün bunlar o deməkdir ki, Husilərlə bağlı problem çox sayda ölkənin iştirakı ilə Yaxın Şərqdə növbəti böyük savaşa yol açır. İsraildən olan hərbi analitik Devid Şarp bildirib ki, 2015-ci ildə husilər bütün ölkəni ələ keçirməyi hədəfləyərək cənubi Yəmənə çox uğurlu hücuma keçdilər: “Hətta cənubun ən böyük şəhəri olan Ədən də hücum təhlükəsi ilə üzləşmişdi. Buna cavab olaraq, birləşmiş cənub qəbilələrinin dəstəklədiyi, müxtəlif muzdlular və böyük maliyyələşdirmə ilə Sudan qoşunları tərəfindən gücləndirilən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən koalisiya əks-hücuma keçərək husiləri şimala doğru itələdi. Lakin torpaqlarının işğalı təhlükəsi aradan qalxdıqdan sonra cənublular daha da şimala doğru irəliləməkdən və şiə yaraqlılarını məhv etməkdən imtina etdilər. Hərbi kampaniya zamanı əsasən hava hücumları həyata keçirən səudiyyəlilər Yəmənləri cənub və şimala bölən cəbhədə öz quru əməliyyatlarını başlatmaqda tərəddüd etdilər. Yalnız bir-birinin ərazisinin dərinliyinə endirilən zərbələr nəticəsində pozulan qeyri-sabit bir tarazlıq hökm sürürdü”. Devid Şarpın sözlərinə görə, husilər İrandan aktiv şəkildə yüksək dəqiqlikli raketlər və dronlar alırdılar və qonşu dövlətlər üçün ciddi təhlükə yarada bilərdilər. Vaşinqton bu fonda həyəcan təbili çalır ki, Husilər “Əl-Qaidə”nin filialı hesab edilən və bir neçə ölkədə terrorçu təşkilat kimi tanınan Somali qrupu “Əş-Şəbab”la da əməkdaşlığı genişləndirir. Əvvəllər ideoloji və dini fikir ayrılıqları bu qruplar arasında əməkdaşlığa mane olurdu, lakin indi vəziyyət dəyişir. Təşkilatlar silahların qara bazarında birgə fəaliyyət göstərir, birgə təlim düşərgələri təşkil edir və birgə səyləri sayəsində getdikcə güclənirlər. Bu da Yaxın Şərqə daha böyük təhdidlər vəd edir.
Tahir TAĞIYEV