Azər Həsrət: “Prezident bununla bizim qüdrətimizin nədən ibarət olduğunu anlamaq istəməyənlərə anlatmış oldu”
Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. Bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
“Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var. Azərbaycanın 10 üzv ölkə ilə belə formatı var. Deyə bilərəm ki, son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır” - Prezident Əliyev deyib.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, bununla Prezident Əliyev dünyanın iki qütbünə işarə edir: “Hazırda iki qütblü dünyada yaşayırıq. Bir tərəfdə dünyanın bir nömrəli super gücü Birləşmiş Ştatlar. Daha sonra Çin gəlir. Çin xüsusən özünün iqtisadi və ticari imkanlarına görə nəhəng ölkədir. Yəni bu iki nəhəng super güc Azərbaycanla bərabər tərəfdaşdır. Azərbaycan hər iki nəhəng super güclə heç bir problemsiz iş birliyi içindədir. Bu dövlətlərlə aramızda anlaşılmazlıq deyə bir şey yoxdur. Üstəlik, hər iki dövlət – ABŞ və Çin Azərbaycana hörmətlə yanaşır. Ölkəmizin suverenliyini, dövlət müstəqilliyini hörmətlə qarşılayır və ümumiyyətlə, özlərinin imkanlarına baxmayaraq, Azərbaycana heç nəyi diktə etməyə cəhd göstərmirlər. Bu, nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycan hörmət qazanmağı bacarıb. Özünə hörmət edən bir dövlətdir. Öz gücünə arxalanan bir dövlətdir. Eynə zamanda tərəfdaşlarına vəfalı, sadiq bir dövlətdir. Ona görə də Birləşmiş Ştatlar, Çin də Azərbaycana bu cür hörmətlə yanaşır. Bu, təbii ki, yaxşı bir örnəkdir. O baxımdan çox istərdik ki, bu örnəyi həmin o super güclərdən qat-qat zəif olan başqa dövlətlər də mənimsəsinlər. Çünki biz bəzən görürük ki, ABŞ-dan, Çindən qat-qat zəif olan dövlətlər Azərbaycana nəyisə diktə etmək istəyirlər. Öz iradələrini burada zorla keçirmək istəyirlər. Azərbaycan da təbii ki, məcburiyyətdən bəzən sərt cavab verməli olur. Bax bu sərt cavab vermə durumu yaşanmasın deyə, digər dövlətlər də Birləşmiş Ştatlar və Çinə baxsınlar. Onların bizə yanaşmasını örnək götürsünlər. Eyni qaydada da bizə yanaşsınlar. Yəni Azərbaycan Prezidenti əslinə qalanda bu fikri səsləndirməklə bizim qüdrətimizin nədən ibarət olduğunu və nə qədər olduğunu hələ anlamaq istəməyənlərə anlatmış oldu”.
Vidadi ORDAHALLI