Üzeyir Cəfərov: “Azərbaycan ordusunu gözdən salmaq üçün ermənilər hərəkətə keçiblər”
Ermənistanda saxlanılan Azərbaycan ordusunun hərbçisi Nəsimi Musayev həbs edilib. Ermənistan mediasının məlumatına görə, məhkəmə müstəntiqlərin vəsatətini təmin edib və Nəsimi Musayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilir ki, Baş Prokurorluğun mətbuat xidmətinin dünən yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonunda yerləşən hərbi hissədə xidmət edən Nəsimi Rasim oğlu Musayevin itkin düşməsi barədə məlumatlar yayılıb.
Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və onu tapmaq mümkün olmaması səbəbindən axtarışa başlanılıb. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin müvafiq qüvvələri zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Hadisənin səbəblərini aydınlaşdırmaq üçün Hərbi Prokurorluq araşdırma aparıb və Musayevin hərbi hissəsini icazəsiz tərk etdiyinə dair əsaslı şübhələr müəyyən edilib.
Ermənistan mediasında və sosial şəbəkələrində hadisənin motivləri barədə yayılan rəsmi təsdiqini tapmayan fərqli məlumatlar və manipulyasiya xarakterli hekayələr hərbçilərimizin saxlanılması zamanı Ermənistan tərəfinin tez-tez istifadə etdiyi informasiya təzyiqi üsullarından biridir. Hazırda hadisənin dəqiq detalları ilə bağlı rəsmi istintaq prosesi davam edir.
Ermənistanın tərəfin yaydığı bu məlumat nə dərcədə dəqiq məlumat ola bilər? Yəni o əsgərin hücum etdiyini deyirlər. Bəlkə heç onun hücum etmək məqsədi olmayıb, canını qurtarmaq üçün belə addım atıb. Ermənilərin yaydığı məlumat nə qədər dəqiq ola bilər?
Hərbi ekspert Üzeyir Cəfərov baki-xeber.com-a bildirdi ki, Ermənistanda həbs olunan əsgərimizlə bağlı sosial şəbəkələrdə vəziyyəti bilən də, bilməyən də yazır. “Azərbaycan ordusunu gözdən salmaq üçün ermənilər hərəkətə keçiblər. Guya bizim əsgər sentyabrın 26-da Ermənistan tərəfdə olub, hansısa bir qadın onu evində saxlayıb, yedizdirib, üç gün onlarda qalandan sonra guya bu qadını bıçaqlayıb. Əvvəla, əmisinin sözlərinə görə, o əsgər rus və erməni dilində normal danışa bilməyən bir əsgər olub. İkincisi, nə üçün qadını bıçaqlamalıdır? Əlində silah olubsa elə silahla keçib. Öldürmək məqsədi olsaydı öldürərdi. Ermənilər yazırlar ki, əsgər hücum edib. Əsgər ermənilərə hücum edib nə edəcəkdi, Ermənistanı alacaqdı? Məqsədi nə idi? Sadəcə hava şəraiti mürəkkəb olub. Bir misal çəkim. Adicə Bakı yollarında görünüş məsafəsi xeyli az olduğu üçün Baş Dövlət Yol Polis İdarəsi sürücülərə xəbərdarlıq edir. Amma bu dağlıq şəraitdə bir az da mürəkkəb olur, yolu azmaq kimi hallar baş verə bilir. İnsandır, görünür yolu azıb o tərəfə keçib. Hətta əmisinin dediyinə görə, onu incidiblərsə belə, bu ona əsas vermirdi ki, o, gedib erməni tərəfə çıxsın. Nə isə ya vəlvələdən, ya zəlzələdən əsgərimiz iki aylıq həbs olunub, istintaq gedir. Bir daha müraciət edirəm ki, gəlin tələsməyək, əsgərimizi ləkələməyək, “vətən xaini” adı qoymayaq. Gözləyək görək əsl həqiqət nədən ibarətdir? Həqiqəti əsgərimizin öz dilindən eşidə bilərik”.
Ü.Cəfərov qeyd etdi ki, Baş Prokurorluq cinayət işi başladıldığını bildirir. “Cinayət işinin yekununda biz artıq biləcəyik ki, bu kimin günahıdır, burada kim məsuliyyət daşıyır. Ona görə də bizim əsgərimizin ləkələnməsinin tərəfdarı deyiləm və hər kəsi bu məsələdə diqqətli olmağa çağırıram”-deyə Ü.Cəfərov vurğuladı.
İradə SARIYEVA