Əli Orucov: “Bəzən insanlarda belə yanlış təəssürat yaranır ki, hazırkı Ermənistan hakimiyyəti sülhsevərdir”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı işğalla bağlı məsələyə toxunarkən qeyd etdi ki, bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq olmaz:
“Halbuki Ermənistanın əvvəlki rəhbərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın”.
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycan Ordusunun şanlı qələbəsi Ermənistanın indiki hakimiyyətini danışıqlarda yumuşaq mövqe tutmağa məcbur etdi: “Biz heç vaxt bu məsələdə sadəlövh olamamalıyıq. Bəzən insanlarda belə yanlış təəssürat yaranır ki, hazırkı Ermənistan hakimiyyəti sülhsevərdir. Bu, əsla belə deyil. Sadəcə, Azərbaycanın qəti qələbəsi indi onları buna məcbur edir. Bu, həmin Paşinyandır ki, hakimiyyətə yeni gələndə bəyan edirdi ki, Ermənistan Qarabağ ermənilərinin yerində qərar verə bilməz. Onlar Azərbaycanla aparılan danışıqlarda “tərəf” olmalıdır. Bu həmin Paşinyandır ki, Xankəndidə “Qarabağ Ermənistandır” deyib. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın 2019-cu ilin martında Nyu-Yorkda erməni icması ilə görüşü zamanı “yeni müharibə - yeni ərazilər" ifadəsini yaxşı xatırlayırıq. Onun bu açıqlaması Azərbaycanla sülh danışıqları prosesini hədələyən təxribatçı bəyanat kimi yadda qalıb. Tonoyan bu ifadəni yalnız ABŞ-da işlətməyib, bu tezis Paşinyan hakimiyyətinin Qarabağ siyasətinin bazisi rolunu oynayıb. 2020-ci ilin Tovuz istiqamətində erməni təxribatı zamanı və ondan sonrakı günlərdə də Tonoyan fəxrlə bu tezisi səsləndirməkdə idi. Bu faktları ona görə xatırlayıram ki, bütün bunlar yaxın tarixdə baş verib. Məhz Paşinyan hakimiyyətə gələndən sonra yaşanıb. Əgər 44 günlük Vətən müharibəsində qələbə olmasaydı heç vaxt hazırkı Ermənistan hakimiyyəti geri addım atmazdı. Paşinyan 2022-ci ilin Praqa sammitində Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımazdı. Azərbaycanın hərbi qələbəsi onları belə mövqe sərgələməyə vadar etdi”.
Vidadi ORDAHALLI