2019-cu ildə işsizliyə görə sığorta ödənişinin maliyyələşdirilməsi üçün 11 milyon manat vəsait ayrılıb. Ancaq qəribədir ki, il ərzində həmin vəsaitin cəmi 20,9 faizi və ya 2,3 milyon manatı istifadə edilib.
Bununla belə, 2020-ci ildə sözügedən məqsədlə 10 milyon manat ayrılsa da, həmin vəsaitin ümumilikdə 16,5 faizi, yəni 1,65 milyon manatından istifadə edilib. Hansı ki, həmin il pandemiya ilə əlaqədər işsizlərin sayı kəskin artıb. O cümlədən, bununla bağlı digər sosial problemlər yarandı.
Məlumat üçün qeyd edək ki, “İşsizlikdən sığorta fondu”nun vəsaiti əmək haqqının 1 faizi səviyyəsində işəgötürənlər və işləyənlərdən bərabər şəkildə (hər birindən 0,5 faiz) tutulmaqla formalaşdırılır.
O baxımdan, bütün bu deyilənlərin fonunda maraqlıdır, ehtiyac olduğu halda işsizlərə kömək məqsədilə ayrılan sözügedən vəsait niyə onlardan əsirgənir? Bunun arxasında hansı məqsədlər dayanır?
“Həmin təşkilatların düzgün metodikası yoxdur və necə deyərlər, bu işi bacarmırlar”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim, professor Əli Əlirzayevin fikrincə, bunun müxtəlif səbəbləri var: “Problem ondadır ki, bizdə sığorta ilə bağlı məsələlər tam otruşmayıb. Hüquqi baxımdan bütün normativ hüquqi sənədlər o qədər də yerində deyil. Bu səbəbdən işsizliklə bağlı sığorta vəsaitlərini bəzən verirlər, bəzən heç vermirlər. Çünki bu sahədə yetərincə təcrübə yoxdur. Nəzərə almaq lazımdır ki, müxtəlif cür sığorta növləri var. Bunlar bir-birindən fərqlənir. Əhalinin sığortalanmasında müxtəlif problemllər var. O cümlədən, maliyyə çatışmazlığı da var. Sahibkarlığın sığortalanmasında düzgün qeydiyyat, qiymətləndirmə yoxdur. Məsələn, dəymiş zərəri düzgün qiymətləndirib ödəniş aparılmasında problemlər var. Bütün bunlarla ayrı-ayrı təşkilatlar məşğul olur. Həmin təşkilatların düzgün metodikası yoxdur və necə deyərlər, bu işi bacarmırlar. Ona görə də belə anormal bir vəziyyət yaranıb. İş ondadır ki, sahibkarla sığortaya qədər olan proseslərdə bir sıra sənədləşmələr var. Müəyyən birokratik məsələlər işin ümumi gedişinə mənfi təsir göstərir. Başqa bir tərəfdən, bu məqsədlə ayrılan vəsaitin həcmi də yetərli deyil. Yaxşı olardı ki, bununla bağlı ayrılan vəsaitin həcmi artırılsın”.
Professorun açıqlamasından belə aydın oldu ki, bu sahədə görüləsi işlər çoxdur. Onlar həll edilmədən məsələ tam yoluna düşməyəcək.
Vidadi ORDAHALLI