Rusiya Müdafiə Nazirliyi 16 avqust gecəsi Ukraynanın hərbi-sənaye infrastrukturuna genişmiqyaslı hücum edildiyini açıqlayıb. Hücumlar Kiyevdəki raket və dron istehsalı müəssisələrini, Kremençuqdakı neft emalı zavodunu, Krivoy Roqdakı metallurgiya zavodunu və Odessa limanındakı hərbi yük gəmisini hədəf alıb.
Rusiya ordusunun Kiyevə hücumları zamanı Ukraynanın müdafiə sənayesinin iki vacib obyekti - Fire Point və Ukrdefens şirkətinə məxsus Kiyev-111 müəssisələri hədəf alınıb.
Fire Point Ukrayna istehsalı olan "Flamingo" qanadlı raketləri üçün hissələri, döyüş başlıqları və bərk yanacaqlı hərəkət sistemləri istehsal edən müəssisədir. "Flamingo" 3000 kilometr mənzilli, döyüş başlığının çəkisi təxminən 1000-1150 kiloqram və sürəti saatda 950 kilometr olan bir raketdir. Onun qiymətinin 1 milyon avrodan aşağı olduğu bildirilir.
Kiyev-111 (Ukrdefens şirkətinə məxsusdur) isə hücum PUA-ları, "Xruşşov" PUA ovçuları və "Harpia" hava hücumundan müdafiə PUA-ları üçün komponentlər istehsal edən zavoddur.
Poltava bölgəsində isə Ukraynanın ən böyük neft emalı zavodu olan Kremençuq Neft Emalı Zavoduna zərbə endirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu zavod Ukrayna ordusu üçün yanacaq istehsal edirdi. Krivoy Roqdakı metallurgiya zavodu da hədəfə alınıb. Nazirlik bildirib ki, bu müəssisə silah və hərbi texnika istehsalı üçün polad lövhələr istehsal edir.
Tahir TAĞIYEV