İran ölkənin müstəqilliyinə qarşı qəsd hazırlamaqda ittiham etdiyi iki fransız diplomatının saxlanıldığını açıqlayıb. Diplomatların İranın daxili işlərinə müdaxilə iddiası ilə istintaq altında olduqları bildirilir.
İran Kəşfiyyat Nazirliyi iki fransız diplomatının milli təhlükəsizliklə bağlı araşdırması zamanı gizli görüş yerində saxlanıldığını açıqlayıb. Hadisə yerində müsadirə edilən sənəd və materialların İrana təsir və xarici müdaxilə yaratmaq məqsədi daşıyan hərtərəfli bir plana işarə etdiyini iddia edilib.
İran Kəşfiyyat Nazirliyi bildirib ki, xarici təsir və müdaxilə iddiaları ilə bağlı araşdırmanın bir hissəsi olaraq, kəşfiyyat bölmələri iki şübhəlinin həbsi ilə bağlı məhkəmə qərarını icra edərkən hadisə yerində iki fransız diplomatla qarşılaşıblar.
Qeyd edilir ki, diplomatların şəxsiyyəti təsdiqləndikdən sonra vəziyyət İran Xarici İşlər Nazirliyinə bildirilib və diplomatlar diplomatik polisin müşayiəti altında Fransanın İrandakı səfirinə təhvil verilib.
Hadisə yerində müsadirə edilən sənəd və materialların ilkin müayinəsinin "nüfuz yaratmaq, xarici müdaxiləni asanlaşdırmaq və İranın müstəqilliyinə qarşı fəaliyyətlərə yol açmaq" məqsədi daşıyan genişmiqyaslı bir layihəyə işarə etdiyi və bəzi sənədlərdə Tehrandakı keçmiş Fransa səfirinin imzasının tapıldığı iddia edilir.
İran Kəşfiyyat Nazirliyi diplomatik statuslu şəxslərin "qanunsuz və müdaxiləçi davranışlarına dözməyəcəyini" bildirib və oxşar hadisələrin təkrarlanması halında məsul şəxslərin cəzalandırılacağı barədə xəbərdarlıq edib.
Nazirlik, Fransa hökumətinin diplomatlarının müdaxiləsinə görə, məsuliyyət daşımalı olduğunu vurğulayaraq, istintaqın davam etdiyini və işlə bağlı daha ətraflı məlumatın ictimaiyyətlə paylaşılacağını əlavə edib.
Tahir TAĞIYEV