Belçikanın ən böyük təbiət qoruğu olan Hautes Fagnesdə cümə günü başlayan yanğın hələ də davam edir. Ölkənin müxtəlif yerlərindən çoxsaylı yanğınsöndürmə briqadaları əraziyə göndərilib və əsgərlər, polis və fermerlər də yanğının söndürülməsinə kömək edirlər.
Yanğın sürətlə yayıldıqdan sonra Belçika Avropa Birliyinin (AB) Mülki Müdafiə Mexanizmini işə salıb və bunun bir hissəsi olaraq bölgəyə 3 helikopter və 2 yanğınsöndürmə təyyarəsi göndərilib. Son məlumatlara görə, yanğından təsirlənən ərazi 2700 hektardan çoxdur.
Hələ də nəzarət altına alınmayan yanğın, təxminən 1400 hektar əraziyə ziyan vuran 2011-ci il yanğınını geridə qoyub və Belçikada qeydə alınan ən böyük yanğın olub.
Yanğın yaşayış məntəqələrinə yaxınlaşdıqca, Vaymes bələdiyyəsinin Surbrodt və Bütqenbax bölgələrindəki sakinlərdən ehtiyat tədbiri olaraq evlərini tərk etmələri istənilib. Təxliyə edilənlərin yerləşdirilməsi üçün yaxınlıqdakı idman zalı açılıb və ərazidəki sakinlərə qapı və pəncərələrini bağlı saxlamaları tövsiyə edilib.
Yanğın səbəbindən ərazidəki bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Tahir TAĞIYEV