Rusiya Xarici İşlər Nazirliyi ABŞ Konqresi tərəfindən Ukraynaya Amerika silahlarının mümkün ötürülməsi ilə bağlı dərc edilmiş məlumatlarla bağlı ABŞ və Türkiyədən açıqlama tələb edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, dərc olunmuş sənədlərdə Kiyevə 12 ədəd M270 MLRS çoxməqsədli raket buraxılış qurğusu, 2500-dən çox idarə olunmayan kasetli sursat, 47 min ədəd 203 mm-lik kasetli artilleriya mərmisi və 70 ədəd ATACMS əməliyyat-taktiki raketinin təhvil verilməsi planlarından bəhs olunur.
Zaxarova qeyd edib ki, Moskvanın ABŞ istehsalı olan silahların Türkiyə vasitəsilə Ukraynaya genişmiqyaslı tədarükünün şərtləri və şəraiti barədə dəqiq məlumatı yoxdur. Xüsusilə, silahların çatdırılmasını kimin başlatdığı, müddət və Ukraynaya necə çatdırıla biləcəyi məlum deyil.
Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, tədarük mexanizmləri barədə dəqiq məlumatların olmaması fərziyyələr üçün əsas yaradır və bu Rusiya tərəfində narahatlıq doğurur.
Zaxarova həmçinin bildirib ki, münaqişənin siyasi və diplomatik yolla həllinə sadiq olduğunu bəyan edən dövlətlərin bu cür hərəkətləri qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə vermir. Zaxarova xəbərdarlıq edib ki, Ukraynaya yeni silah tədarükü Rusiyanın həm ABŞ, həm də Türkiyə ilə münasibətlərinə ciddi ziyan vuracaq.
O xatırladıb ki, Türkiyə əvvəllər Ukraynaya ölümcül silahların verilməsindən imtina edib.
Tahir TAĞIYEV