Ölkənin ən varlı qurumu SOCAR-ı kimlər və niyə 11 milyard borca salıb...

Fikrət Yusifov: “Hesab edirəm ki, qurumun bu günə düşməsi savadsız idarəçiliyin nəticəsidir”

img

Məlum olduğu kimi, bu il yanvarın 23-də prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərmanı ilə SOCAR Azərbaycan İnvestisiya Holdinqinə (AİH) verilib.

Holdinqə SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, idarəetmə orqanları üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini, eləcə də beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərti ilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını 6 ay müddətində təmin edib, nəticəsi barədə prezidentə məlumat vermək tapşırılıb.

Ancaq reallıq ondan ibarətdir ki, SOCAR hazırda ciddi problemlər içərisindədir. 2019-cu ili 651 milyon manat xalis mənfəətlə başa vuran şirkət ötən il 1 milyard 734 milyon manat zərərə düşüb. Qısamüddətli xarici borclar 5,91 milyard manata çatır, cəmi borclar isə 11,219 milyard manatdır. Bununla yanaşı, ötən il SOCAR Azərbaycan Beynəlxalq Bankından 21 iyul 2022-ci ildən başlayaraq 23 avqust 2026-cı ilədək ödəmək şərti ilə illik 4,0-4,8 faizlə 559 milyon manat, Maliyyə Nazirliyindən 12 yanvar 2024-cü ildən başlayaraq 1 aprel 2039-cu ilədək qaytarmaq şərti ilə illik 0,1 -3,8 faizlə 354 milyon manat – cəmi 913 milyon manat borc götürüb. Bundan əlavə, SOCAR-ın 31 dekabr 2020-ci il tarixinə ödənilməmiş istiqrazlar üzrə 175 milyon manat Azərbaycan İnvestisiya Şirkətinə, 2 milyard 960 milyon manat Azərbaycan Dövlət Neft Fonduna borcu yaranıb.

Maraqlıdır, ölkədə ən gəlirli sahənin bu cür borclanması nə deməkdir? Borclanmanın yaranması nədən irəli gəlir?

  • “İdarəetmə aparatı şişirdilib, lüzumsuz vəzifələr mövcuddur və onlara rəhbərlik edənlərə yüksək əmək haqqı verilir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov borclanmanın səbəbini bir sıra faktorlarla əlaqələndirdi: “Bütün bu borclanmalar bütövlükdə SOCAR-ın səmərəsiz fəaliyyətinin məntiqi nəticəsidir. Hesab edirəm ki, qurumun bu günə düşməsi savadsız idarəçiliyin nəticəsidir. Zaman-zaman SOCAR-ın səmərəsiz idarəçiliyi barədə deyilib. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə iri dövlət şirkətlərinin, dövlət üçün yük olduğunu vurğulayıb. Yəni, bu şirkətlər dövlətə, dövlət büdcəsinin formalaşmasına yardımçı olmaq əvəzinə, büdcədən yardım alan təşkilatlara çevrilirlər. Bu da ancaq səmərəsiz fəaliyyətin və idarəçiliyin nəticəsidir. SOCAR-ın səmərəsiz fəaliyyətini sözlə ifadə etmək çətindir. Faktiki olaraq neft gəlirləri necə gəldi səpələnir, layihələr arasında dağıdılır. Şirkətdə əsas pozuntular ondan irəli gəlir ki, qiymətlər şişirdilir. İdarəetmə aparatı şişirdilib, lüzumsuz vəzifələr mövcuddur və onlara rəhbərlik edənlərə yüksək əmək haqqı verilir. Belə məlumatlar var ki, SOCAR-ın bəzi strukturlarında 10-15 nəfərin yerinə 2-3 nəfər çalışır. Qalanları isə sadəcə olaraq yüksək vəzifəli adamların övladlarıdır. Ayda 1-2 dəfə işə gəlib görüntü yaradırlar. Bunun qarşılığında 5-7 min manat əmək haqqı alırlar. Təbii ki, bu cür biabırçılıqların məntiqi nəticəsi belə borclanma ilə bitməli idi. Ona görə də bu günlərdə SOCAR-da 4 vitse-prezident vəzifəsindən azad edildi. Ancaq hesab edirəm ki, təkcə bu, məsələnin həlli demək deyil. SOCAR-da inqilabi bir dönüş edilməlidir. Bütün struktur, idarəçilik dəyişdirilməlidir”.

Professor hesab edir ki, yalnız bütün bunlardan sonra qurumun fəaliyyətində dönüş yarana bilər.

Vidadi ORDAHALLI

Son xəbərlər