Rusiya fitosanitarları Azərbaycan fermerlərinin 120 tondan çox meyvə-tərəvəzini məhv etdi - çıxış yolu…

Kamran Məmmədli: “Azərbaycan bir bazardan asılı olmamalıdır, mütləq alternativ bazarlar tapılmalıdır”

img

Bu ilin iyul ayının əvvəlindən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan istehsalı olan 83,2 ton pomidor və 36,9 ton şaftalını Rusiya Federasiyasının ərazisinə buraxmayıb. Buna səbəb isə “Ümumrusiya Bitki Karantin Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının Dağıstan filialının laboratoriya rəyi olub. Rəydə qeyd edilir ki, məhsul partiyalarında pomidor güvəsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərli obyektlər aşkarlanıb.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında “Rosselxoznadzor” Azərbaycan və İran istehsalı olan 20 ton tərəvəz (pomidor, bibər, kartof və s.) və 13,7 ton meyvəni (alma, qarpız, çiyələk, gilas, ərik, şaftalı və s.) ölkəyə buraxmayıb. Buna səbəb həmin məhsullarda pomidor güvəsi, Qərb (Kaliforniya) çiçək tripsi və Şərq meyvəyeyəninin aşkarlanması olub.

Məlumdur ki, son zamanlar Azərbaycan istehsalı olan meyvə-tərəvəz Rusiyaya göndərilərkən məhsul yararsızdır deyilib geri göndərilir. Belə olan halda isə zərər görən sahibkarlar olur. Bu  o deməkdir ki, artıq Rusiya bazarında Azərbaycan məhsulları istənilmir. Belə olan halda, olmazmı ki, istehsal olunan məhsullar başqa xarici bazarlara çıxarılsın? Maraqlıdır, ölkədə istehsal olan məhsullar hansı xarici bazara çıxarıla bilər?

  • “Azərbaycan istehsalçıları da Avropa bazarlarında özlərinə yer tapmağı orta və uzunmüddətli hədəf kimi qarşıya qoymalıdırlar”

Iqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, Rusiya bazarına çıxışa məhdudiyyətlərin qoyulması fermerləri çətinliklə üzləşdirib: “Məlumdur ki, Azərbaycanda emal müəssisələri azdır. Yəni konserv zavodlarının tələbatı istehsal həcmindən dəfələrlə aşağıdır. Digər tərəfdən, bizim fermerlər üçün Gürcüstan bazarları kiçikdir. Avropa bazarının tələbləri isə yüksəkdir. Avropada  məhsulları təkcə keyfiyyətinə və digər göstəricilərinə görə deyil, ölçüsünə görə də seçirlər”.

Həmsöhbətimiz hesab edir ki, Azərbaycan bir bazardan asılı olmamalıdır, mütləq alternativ bazarlar tapılmalıdır. Ən bahalı və ən yaxşı bazar Avropa bazarıdır.  Azərbaycan istehsalçıları da Avropa bazarlarında özlərinə yer tapmağı orta və uzunmüddətli hədəf kimi qarşıya qoymalıdırlar: “Beynəlxalq bazarlara çıxmaq üçün ilk tələb olunan məsələ ÜTT standartlarıdır. Bu standartları qəbul etmədən Azərbaycan dünya bazarlarına ikitərəfli müqavilələrlə çıxa bilir ki, bu da müəyyən əngəllər yaradır”.

Günel CƏLİLOVA

Son xəbərlər