Məlum olduğu kimi, bank sektoru 2015-ci ildə baş vermiş devalvasiyalardan ağır zərbə aldı. Həmin ildən 2021-ci ilə qədər Azərbaycanda fəaliyyət göstərən 43 bankdan 17-si fəaliyyətini dayandırıb. Ölkədə bu sferaya aid olan cəmi 26 kommersiya təşkilatı fəaliyyət göstərir ki, bu da 6 ildə 40 faiz azalma deməkdir.
Mərkəzi Bank sonuncu belə qərarı ötən il aprelin 27-də verib. Qərara əsasən, “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”ın lisenziyası ləğv edilib və onlara müvəqqəti inzibatçılar təyin olunub. Ekspertlərin qiymətləndirməsinə görə, ilk onluğa düşə bilməyən 4 bankın bazar payı 5 faizə yaxın, kredit bazarındakı payı 7 faizdən ən az, depozit bazarında isə 4 faizdən az təşkil edib.
Əvvəllər deyirdilər ki, bir belə bank Azərbaycan kimi balaca ölkə üçün çoxdur. Bankların sayı azalsa, faizlər aşağı düşər. Son illər bağlanan bankların bazar payını sektordakı iri kommersiya qurumları ələ keçirib. Əgər 2015-ci ildə ölkədəki ən böyük 5 bankın bazar payı 58 faiz idisə, artıq 2 il sonra bu rəqəm 10 faiz artaraq 68 faizə yüksəlib. 2021-ci ilin birinci rübünün nəticələrinə görə, ən böyük 5 bankın bazar payı 73 faizə yaxındır. Bütün bunlara baxmayaraq, bank faizləri yüksək olaraq qalır. Kredit bazarını ələ keçirən banklar faizləri aşağı salmırlar. Əksinə, yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Niyə?
“...maliyyə vəsaitlərinin 4-5 bankın əlində cəmləşməsi normal hal deyil”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara toxundu: “Bankların vətəndaşlara və sahibkarlıq subyektlərinə verdikləri kreditlərin faizlərinin yüksək olması problem olaraq qalır. Problemin müxtəlif səbəbləri var. İstənilən halda, maliyyə vəsaitlərinin 4-5 bankın əlində cəmləşməsi normal hal deyil. Çünki belə olduqda həmin banklar açıq şəkildə inhisarçılıq mövqeyindən çıxış edərək faizləri aşağı salmırlar. Bu da əhalinin və sahibkarların maraqlarına cavab vermir. Reallıq ondan ibarətdir ki, Azərbaycanın bank sektorunda rəqabət mühiti yoxdur. Bu da, əlbəttə ki, normal hal deyil. Rəqabət mühiti yaratmaqdan ötrü bir sıra işlər görülməlidir. Mərkəzi Bank son 1-2 ildə uçot dərəcəsini iki dəfədən çox aşağı salıb, amma bunun heç bir faydası yoxdur. Banklar, praktiki olaraq, vətəndaşlara təklif etdikləri istehlak kreditlərinin və sahibkarlara təqdim etdikləri biznes kreditlərinin faizlərini çox cüzi şəkildə azaldıblar. Elə banklar var ki, ümumiyyətlə, faizləri aşağı salmayıblar. Bəziləri hətta faizləri artırıblar. Ona görə də bu durumda sağlam rəqabət mühitinin yaradılması başlıca şərtdir. Başqa alternativ yoxdur. Nə qədər ki, banklar arasında rəqabət yoxdur, kredit faizləri ilə bağlı bu özbaşınalıq davam edəcək. Çünki hər bir bank özü-özlüyündə özəl bir təşkilatdır, özəl bir müəssisədir. İmperativ metodlarla bankları kredit faizlərini aşağı salmağa məcbur etmək olmaz. Ona görə də elə bir bazar mühiti yaradılmalıdır ki, banklar kredit faizlərini aşağı salmağa məcbur olsunlar. Bunun üçün də xarici bankların Azərbaycana gəlməsi vacibdir. Bank sektorunda xarici bank nümayəndəliklərinin açılması, onların burada fəaliyyət göstərməsi, təbii ki, bazarda sağlam bir rəqabət mühiti formalaşdıracaq. Təbii ki, bu mühitdə kimsə normal işləsə, bazarda qalacaq. Yoxsa, hansısa bank faizləri artırmaqla məşğul olsa, duruş gətirməyəcək”.
Professor çıxış yolunu yalnız rəqabət mühitinin yaradılmasında görür.
Vidadi ORDAHALLI