1997-ci ildən fəaliyyət göstərən və Azərbaycanda elektronika, məişət texnikası və mebelin pərakəndə satışı bazarının əsas oyunçularından biri olan “Optimal Elektronika” ilə bağlı araşdırma zamanı diqqətimizi belə bir fakt cəlb etdi. Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası “Optimal Elektronika” MMC barəsində inzibati protokol tərtib edib.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.
Deməli, şirkət ölkədən çıxan valyutaya görə cəzalandırılıb. Axı, ölkədən valyuta çıxması çox ciddi məsələdir və bu barədə ən yüksək səviyyədə mənfi münasibətlər bildirilib.
Elfaq Seyidov: “Ola bilər ki, şirkətin Hüquq Departamentinin müdiri koronavirusa yoluxan vaxta təsadüf edib və buna görə də bizdə belə bir məlumat yoxdur”
Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Şirkətin maliyyə direktoru Elfaq Seyidov bizimlə söhbətində bildirdi ki, belə hallar bütün şirkətlərdə olur: “Yəni bu xırda bir pozuntudur. Bununla bağlı sənədlər məhkəməyə və Maliyyə Palatasına təqdim edilməlidir. Ancaq biz uzun müddətdir ki, belə hallara ciddi nəzarət edirik. Ola bilər ki, şirkətin Hüquq Departamentinin müdiri koronavirusa yoluxan vaxta təsadüf edib və buna görə də bizdə belə bir məlumat yoxdur. Mən əlaqədar şəxsləri dəvət etmişəm, tam araşdırdıqdan sonra sizə əlavə məlumat verəcəyik”.
Günay Hüseynova: “Bu məsələ ilə bağlı inzibati cəzanın tətbiqi varsa, deməli, söhbət ciddi məbləğdən getməyib”
İqtisadçı-ekspert Günay Hüseynova qəzetimizə bildirdi ki, ölkədən valyutanın çıxarılmasına ciddi nəzarət var: “Əməliyyatlar müəyyən məbləği keçəndə əlaqədar qurumlar və xüsusilə də Mərkəzi Bank prosesə müdaxilə edə bilir. İri məbləğdə pulun qanuni olmayan məqsədlərlə ölkədən çıxarılması ilə bağlı konkret cinayət məsuliyyəti nəzərdə tutulur. Mən dediyiniz şirkətlə bağlı məsələnin detalları ilə tam tanış deyiləm. Ona görə də məsələyə ümumi şərh verə bilərəm. Müxtəlif adlarla nağd pulun ölkədən çıxarılmasına cəhdlər edilir. Ancaq bu məsələ ilə bağlı inzibati cəzanın tətbiqi varsa, deməli, söhbət ciddi məbləğdən getməyib. Ola bilər ki, burada hansısa səhlənkarlıq amilləri də olub. İstənilən halda, bütün şirkətlər xarici ölkələrlə edilən əməliyyatlar zamanı qanunun tələblərinə tam əməl etməyə borcludur”.
Məhəmmədəli QƏRİBLİ