“Mən dollar almaq üçün banka yaxınlaşdım. Məndən manatı dollara çevirmık üçün iş yerimdən sənəd tələb etdilər”. Bu barədə Mədinə adlı şikayətçi sosial şəbəkədə paylaşım edərək bildirib. Mədinə xanım bildirir ki, o, bir neçə müddət bundan əvvəl “Bank Respublika”nın Yasamal filialına gedib.
O, həmin filialdan 200 dollar almaq istəsə də, əliboş qayıdıb: “Mən Abbas Mirə Şərifzadə küçəsində yerləşən “Bank Respublika”nın filialına getdim. Oradan 200 dollar almaq istədim. Lakin bankdan mənim iş yerim haqqında arayış tələb etdilər. Mən heç yerdə işləmədiyimi bildirdim. Bank işçisi mənə xidmət göstərməkdən imtina etdi. O bildirdi ki, mütləq əldə etdiyim pulun mənbəyini göstərməliyəm. Bu pulu avtomobil, mənzil satılmasından və s. əldə etdiyimi təsdiqləyən sənəd göstərməliyəm.
“Bank Respublika”nın Yasamal filialında əliboş qayıtdım. Ancaq digər küçədə yerləşən bankın filialında problem olmadan mənə xidmət göstərildi”.
Qeyd edək ki, bu probləmlə təkcə Mədinə xanım deyil, bir çox vətəndaş qarşılaşıb.
Məsələ ilə bağlı “Bank Respublika” ilə əlaqə saxladıq. Bankdan bildirildi ki, dollar alarkən vətəndaşlardan rəsmi sənəd tələb olunması bankın daxili qaydasıdır.
“Bank Respublika”nın bu daxili qaydası nə qədər qanunidir?
Qeyd edək ki, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli 910 nömrəli Qanununda bu barədə hər hansı bir müddəa əks olunmayıb.
“Mənzil alan, maşın alan, müəssisə yaratmaq üçün sərmayə qoyan hər kəsdən vəsaitin mənbəyinin tələb olunması...”
İqtisadçı Kamran Məmmədli qeyd etdi ki, xarici valyuta əhalinin və biznesin yığım kimi istifadə edə biləcəyi aktivlərdən biridir: “Mənzil alan, maşın alan, müəssisə yaratmaq üçün sərmayə qoyan hər kəsdən vəsaitin mənbəyinin tələb olunması düzgün deyil.
Onu da qeyd edim ki, Azərbaycanda valyuta alqı-satqısına nəzarət “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun əsasında xeyli müddətdir həyata keçirilir. Həmin qanunun 7.1-ci maddəsinə əsasən, 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və bu məbləğdən yuxarı valyuta əməliyyatları barədə məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunmalıdır. Burada söhbət 20 min manat və ya daha artıq məbləğdən gedir. 100-200 dollar almaq üçün bankların vətəndaşa xidmət göstərməməsi düzgün deyil”.
Günel CƏLİLOVA