İlk dəfə olaraq faydalı qazıntı yataqları hərrac qaydasında istifadəyə veriləcək. Bu barədə İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında deyilir.
Bununla bağlı İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında razılaşma əldə olunub. Məqsəd bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadi mühitin genişləndirilməsi, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasıdır. Qeyd edilməlidir ki, ilkin olaraq Ağcabədi, Beyləqan, Goranboy, Göygöl, Qazax, Tovuz rayonlarında yerləşən yataqların hərrac qaydasında istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları yenidən qiymətləndirildikdən sonra həmin yataqların da qanunvericiliyə əsasən hərrac vasitəsilə istismara verilməsi planlaşdırılır. Hərracın şərtləri, istifadəyə veriləcək faydalı qazıntı yataqları barədə ətraflı məlumat əvvəlcədən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) yerləşdiriləcək.
Maraqlıdır, burada söhbət hansı faydalı qazıntılardan gedir və belə hərracın keçirilməsinin təhlükəli tərəfləri ola bilərmi? Təbiidir ki, neqativ amillərdən biri korrupsioner məmurların həmin yataqlara sahiblənə biləcəyi ehtimalıdır.
Beynəlxalq idarəetmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda faydalı qazıntı yataqlarının hərrac qaydasında istifadəyə verilməsi qanunvericiliyin tələblərinə uyğundur: “Məlumdur ki, hətta bununla bağlı dövlət agentliyi də yaradılıb. Agentliyin funksiyası mineral ehtiyatlardan düzgün istifadə olunmasının, ətraf mühitin onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, dövlət büdcəsinə bu istiqamətdən vəsaitlərin daxil olmasını və ümumilikdə bu prosesə dövlət nəzarətinin gücləndirilməsidir. Fəaliyyətlərin həyata keçirilməsi istiqamətində texniki-iqtisadi əsaslandırma aparılması, bu sahədə yerli və beynəlxalq tələblərin nəzərə alınması şərtdir. İcarəyə götürən təşkilatlar qarşısında ətraf mühitin mühafizəsi istiqamətində də ciddi tələblər qoyulmalıdır. Bu yataqların icarəyə verilməsini düzgün addım olaraq qiymətləndirirəm. Bu addım yeni investisiya yatırımları, yeni iş yerlərinin açılması və bu sahədə ixtisaslaşmanın yeni mərhələsi deməkdir”.
Ekspertin sözlərinə görə, keçiriləcək tenderlərə ciddi nəzarət olunarsa, heç bir neqativlik yaşanmaz: “Təbiidir ki, qiymətli metallar da faydalı qazıntılar sırasına aiddir. Ancaq hesab edirəm ki, bu strateji sahə olduğu üçün ciddi dövlət nəzarətinin olacağı şübhəsizdir”.
Məhəmmədəli QƏRİBLİ