“Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılacaq”. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, KOB-ların ÜDM-in formalaşmasında əhəmiyyətli mövqeyə malik olması, dövlət satınalmalarında iştirakının təşviqi və biznesə münasibətdə şəffaflıq üçün tədbirlər həyata keçiriləcək.
Maraqlıdır, biznes mühitinin daha da yaxşılaşdırılması üçün nə kimi işlər görülməlidir?
“...elektron xidmətlərin sayının artırılması, məmur-sahibkar münasibətlərinin minimumlaşdırılması vacibdir”
Millət vəkili Vüqar Bayramov qeyd etdi ki, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Eyni zamanda, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı ölkə Prezidentinin tapşırıqları var: “Son illər Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsinin azalması, həm də biznes mühitinin yaxşılaşdırılması müşahidə olunur. Dünya Bankının biznes hesabatında qeyd olunur ki, Azərbaycan ən yaxşı mövqeyə sahib olan 30, ən çox islahat aparan 10 dövlətdən biridir. Bu isə ondan xəbər verir ki, son illər aparılmış islahatlar Azərbaycanda biznes mühitinə təsir göstərib. Amma, təbii ki, biznes mühitinin yaxşılaşdırılması strateji bir yanaşmadır. Burada islahatların ardıcıl olması və müvafiq fəaliyyətlərin davam etməsi vacibdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, biznes mühitinin yaxşılaşdırılması üçün elektron xidmətlərin sayının artırılması, məmur-sahibkar münasibətlərinin minimumlaşdırılması vacibdir. Etiraf etmək lazımdır ki, bu istiqamətdə də xeyli iş görülüb. Amma bu işlər növbəti dövrdə də davam etdiriləcək. Bununla bağlı konkret proqramlar reallaşdırılmaqdadır. Digər tərəfdən, tender və dövlət satınalmalarında da şəffaflığın gücləndirilməsi önəmlidir. Xüsusən də sahibkarların dövlət satınalmalarında rəqabətli şəkildə iştirakı baxımından vacibdir. Bu istiqamətdə də işlərin intensivləşdirilməsinə ehtiyac var. Bu birbaşa biznes mühiti ilə bağlı olmasa da, regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanları gücləndirilməlidir”.
Günel CƏLİLOVA