Azərbaycan banklarında xarici ölkə vətəndaşlarına məxsus olan əmanətlərin həcmi ötən illə müqayisədə azalıb. Açıqlanan statistik rəqəmlərə əsasən, əcnəbilərin banklardakı pulu 153,4 milyon manat və ya 35,3 faiz azalıb.
Xatırladaq ki, 2019-cu ilin sonunda Azərbaycan banklarında əcnəbilərə aid olan 434,2 milyon manat dəyərində əmanət olub. Qeyd edək ki, 2020-ci il ərzində həmin əmanətlərin önəmli hissəsi çıxarılıb və banklarda qalan əmanətlərin dəyəri 281 milyon manata enib.
Onu da vurğulayaq ki, əcnəbilərin əmanətlərindəki azalma əsasən xarici valyutada olan hissənin azalması hesabına baş verib. Belə ki, 2019-cu ilin sonunda əcnəbilərə məxsus manatla əmanətlərin dəyəri 122 milyon manat olduğu halda, 2020-ci ilin sonunda 115 milyon manat olub.
“...əmanətlərin həcminin azalması səbəblərindən biri də xaricilər üçün bankların cəlbediciliyinin yetərincə olmamasıdır”
Xarici ölkə vətəndaşlarının banklarda əmanətlərinin həcminin nə səbəbdən azalmasını öyrənmək məqsədilə iqtisadçı-ekspert Kamran Məmmədli ilə əlaqə saxladıq.
O qeyd etdi ki, xarici ölkə vətəndaşlarının banklarda olan əmanətlərinin həcminin azalmasının müəyyən səbəbləri var: “Bir qisim əcnəbi öz ölkələrinə qayıtdığı üçün banka yerləşdirdiyi vəsaiti geri çəkir. Azalma daha çox xarici valyutada hiss olunur. Manatla olan əmanətlərdə azalma cüzidir. Amma xarici valyutada olan əmanətlərdə azalma olduqca yüksəkdir. Müqayisə edilən bir il ərzində xarici valyutada olan əmanətlərin dəyəri 312 milyon manatdan 166 milyon manata düşüb”.
Həmsöhbətimizin sözlərinə görə, əcnəbilərin banka yerləşdirdikləri əmanətlərin həcminin azalması səbəblərindən biri də xaricilər üçün bankların cəlbediciliyinin yetərincə olmamasıdır. Banklar əmanət faizlərini artırarsa, bu, banklara yerləşdirilən əmanətlərin həcminin artmasına səbəb ola bilər: “Pandemiya ilə əlaqədar olaraq əmanətçilər öz vəsaitlərini geri çəkdilər. Bu hal uzun müddət davam etməyəcək”.
Günel CƏLİLOVA