Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb.
Bu qurumların Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsinin nə kimi əhəmiyyətinin olacağını öyrənmək məqsədilə mütəxəssislərə müraciət etdik.
“Həmin şirkətlərdə xüsusilə xərclər hissəsinə və səmərəlilik, rentabellik məsələlərinə nəzarət mexanizmi gücləndirilməlidir”
İqtisadçı-ekspert Elman Sadıqov bildirdi ki, adıçəkilən qurumların Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsinin bir neçə səbəbi var: “İlk olaraq bildirim ki, qeyd olunan dövlət müəssisələrinin fəaliyyəti qənaətbəxş deyil və dövlət büdcəsi üzərində yük yaradır. Həmin müəssisələr rentabelli işləmir, zərərdə olan bu qurumlar dövlətdən dotasiyalar alırdılar. Dövlət bundan sonra həmin dotasiyaları vermək gücündə deyil və olmayacaq da. Onu da vurğulayım ki, bu müəssisələrin bir çoxu 2015-ci ildən əvvəl necə səmərəsiz və rahat bir şəkildə dövlətin boynundan asılaraq fəaliyyət göstərirdilərsə, dövlət gəlirlərinin aşağı düşməsinə baxmayaraq, fəaliyyətlərini o şəkildə də davam etdirdilər. Onu da deyim ki, hazırda bir çox dövlət müəssisəsində müasir standartlara cavab verən idarəetmə üsulu yoxdur. Halbuki, iqtisadi sahədə fəaliyyət göstərən şirkətlərdə bunların olması vacib şərtdir. Bu müəssisələrin içində nisbətən SOCAR müəyyən kadrlar yetişdirib”.
Həmsöhbətimiz hesab edir ki, mərkəzləşdirilmiş idarəetmə mexanizmi yaradıla bilər: “Sadəcə olaraq, hər şirkət işləyib fəaliyyətini davam etdirəcək. Həmin şirkətlərdə xüsusilə xərclər hissəsinə və səmərəlilik, rentabellik məsələlərinə nəzarət mexanizmi gücləndirilməlidir”.
Günel CƏLİLOVA