“Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur”. Bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında danışıb.
Dövlət başçısı bildirib ki, bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb: “Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik. Daha bir layihə bütün azad olunmuş ərazilərdə “ağıllı şəhərlər”in yaradılmasıdır ki, bununla bağlı da hazırlıq işləri gedir. İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır, lakin biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqik. Bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətindəyik. Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq. Bununla bağlı planlarımı bölüşdüm və əminəm ki, onlar həyata keçiriləcəkdir. Sadəcə olaraq, tərəfdaş və dostlarımızı məlumatlandırmaq istədim ki, belə imkanlar da mövcuddur”.
“...o ölkələrin texnologiyasından istifadə zərurəti yaranıb”
İşğaldan azad olunmuş ərazilərdə enerji istehsalı ilə bağlı xarici investorların bu sahəyə cəlb edilməsinin əhəmiyyəti haqqında danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə alternativ enerji mənbələrindən istifadə prioritet elan edilib: “Söhbət günəş, külək və elektrik enerjisindən gedir. Bununla bağlı strateji qərar da var. Onu da qeyd edim ki, ölkəmizdə bu sahələr yeni olduğu üçün xarici şirkətlərin təcrübəsindən, o ölkələrin texnologiyasından istifadə zərurəti yaranıb. Xarici şirkətlərin də bu sahəyə marağı var. Onu da qeyd edim ki, günəş və külək enerjisi yüksələn trenddir. Yeni texnologiyaların ölkəmizə gətirilməsi üçün xarici şirkətlərlə iş qurmaq lazımdır. Çünki texnologiyalar onların əlindədir. Bu sahədə özümüzə aid avadanlıq yoxdur. Xarici investorların bu sahəyə marağı da var. İşğaldan azad edilmiş ərazilərdə günəş, külək və su enerjisi ilə bağlı əməkdaşlıq hər iki tərəfə xeyir verə bilər. Dövlət zəmanəti ilə xarici investorların işğaldan azad edilmiş bölgələrə səfəri mümkündür. Bununla bağlı böyük müqavilələrin imzalanması gözlənir”.
Günel CƏLİLOVA