2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 126,9 milyon manat güzəştli kredit verilib.
Açıqlanan rəsmi məlumatlara əsasən, ötən il dövlət zəmanəti ilə kredit mexanizminin tətbiqi nəticəsində banklar tərəfindən 148 milyon manat məbləğində kreditin verilməsi təmin edilib. Məlumat üçün bildirək ki, bu kreditlər pandemiyadan zərər çəkmiş sahələri əhatə edib. Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələr üzrə kredit portfelinin subsidiyalaşdırılması nəticəsində banklar tərəfindən sahibkarlara 483 milyon manat kredit verilməsinə nail olunub.
Ancaq onu da qeyd edək ki, ötən il kredit üçün müraciət edən sahibkarların 13 faizinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən müsbət cavab verilib. Məlumatlara görə, kredit üçün müraciət edənlərə əksər halda müsbət cavab verilmir.
Kənan Nəcəfov: “Müraciətlərin kredit tələbatı 148 milyon manat olan 433-nə Fond tərəfindən zəmanət verilib, kredit tələbatı 801,1 milyon manat olan 2887 müraciətə isə imtina cavabı verilib”
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov bildirdi ki, 2020-ci ildə Azərbaycan Sahibkarlığın İnkişafı Fonduna pandemiyadan zərər çəkmiş sahələr üzrə, dövlət zəmanəti ilə kreditlərin alınması üçün kredit tələbatı 949,1 milyon manat olan 3320 müraciət daxil olub. Bu müraciətlərin 81%-i sürətli, 19%-i isə ənənəvi olub: “Məlumat üçün bildirim ki, həmin müraciətlərin 13%-nə müsbət cavab verilib. Müraciətlərin kredit tələbatı 148 milyon manat olan 433-nə Fond tərəfindən zəmanət verilib. Kredit tələbatı 801,1 milyon manat olan 2887 müraciətə isə imtina cavabı verilib”.
Rəşad Həsənov: “Kreditlərin verilməməsinin səbəbi, böyük ehtimalla, maliyyə resurslarının məhdudluğudur”
İqtisadçı-ekspert Rəşad Həsənov məsələ ilə bağlı bunları bildirdi: “Müraciətlərə imtina səbəbi sənədlərin gecikməsi ilə bağlı olan məsələdir. Gecikmə olursa, biznes subyekti təkrar müraciət etsin. Sahibkar sənədləri vaxtında çatdıra bilməz. Bu o demək deyil ki, sahibkar təkrar müraciət etməsin. Zənnimcə, kreditlərin verilməməsinin səbəbi, böyük ehtimalla, maliyyə resurslarının məhdudluğudur”.
Günel CƏLİLOVA