Dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası səbəbindən əksər ölkədə yaranan problemlər bir-birini əvəzləməkdə davam edir. Pandemiya səbəbindən ötən il bir sıra ölkələrdə vaxtı keçmiş kreditlərin çəkisi artıb.
Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarına əsasən, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə vaxtı keçmiş kreditlərin ümumi payı artır. Məsələ ondadır ki, pandemiyanın təsiri üzündən yaranan sosial-iqtisadi çətinliklər səbəbindən hüquqi və fiziki şəxslər kreditlərini vaxtında, yaxud ümumən ödəyə bilmirlər, bu da problemli kreditlərin həcminin artmasına gətirib çıxarır.
Ancaq Azərbaycanda 2020-ci ildə vaxtı keçmiş kreditlərin payı 2,3 faiz azalıb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi 893 milyon 100 min manat təşkil edib. Vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 6 faizini təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2,3 faiz azdır. Onu da qeyd edək ki, problemli kreditlərin 26,8 faizi xarici valyutadadır.
Ümumilikdə, pandemiya şəraitində Azərbaycanda vaxtı keçmiş kreditlərin çəkisinin azalmasını ekspertlər necə dəyərləndirirlər?
“Hökumət tərəfindən görülən bir sıra tədbirlər, kompensasiyanın ayrılması da buna öz təsirini göstərib”
Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev pandemiya dövründə problemli kreditlərin azalmasını bir sıra amillərlə əlaqələndirdi: “Problemli kreditlərin azalmasının əsas səbəbi 2020-ci ildə Azərbaycanda 4 bankın bağlanmasıdır. Belə ki, ötən il “Azəriqazbank”, “NBC bank”, “Atabank” və “AmrahBank” bağlandı. Sözügedən bankların problemli krediti çox idi. Həmin bankların bağlanması problemli kreditlərin azalmasının ümumi həcminə təsir göstərdi. Bununla yanaşı, hökumət tərəfindən görülən bir sıra tədbirlər, kompensasiyanın ayrılması da buna öz təsirini göstərib. Kompensasiya proqramları daha çox müəssisələrdə işçilərin ixtisar edilməməsi ilə bağlı həyata keçirilib. Ancaq sahibkarlara göstərilən maliyyə dəstəyi bu və ya digər dərəcədə problemli kreditlərin azalmasına müsbət mənada öz təsirini göstərib”.
Ekspert hesab edir ki, problemli kreditlər nə qədər çox azalsa, bu bir o qədər yaxşıdır.
Vidadi ORDAHALLI